"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam təmsilçisi Bakıda Moldova "Şerif"ini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.Matçda hesab 22-ci dəqiqədə açılıb. Xayme Romeroya qarşı kobudluqdan sonra təyin olunan penaltini Uroş Matiç dəqiq yerinə yetirib. 37-ci dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Anatol Abanq mübarizə zamanı Bədavi Hüseynova təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
İkinci yarıya da hücumlarla başlayan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 63-cü dəqiqədə 2-ci topu Tiraspol klubunun qapısından keçirib. Bu dəfə Abdullah Zubirin ideal ötürməsindən sonra qolkiper ilə təkbətək qalan Mahir Əmreli fərqlənib. "Şerif"in gücü isə yalnız fərqi azaltmağa çatıb. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb. Bu, eyni zamanda matçın yekun hesabı olub.
Beləliklə, "Qarabağ" ÇL-in III təsnifat mərhələsinə yüksəlib. Qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan "Şerif" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Azərbaycan komandasının III mərhələdəki rəqibi avqustun 31-də atılacaq püşk nəticəsində müəyyənləşəcək.
- Baxış: 1105