Min bir dərdin dərmanı - bal. Tərkibi vitaminlərlə, bioelementlərlə zəngin olan bu məhsulun istehsalına ölkənin bir sıra regionlarında maraq göstərilir. Gədəbəy də bu sahədə öndə gedən bölgələrdəndir. Hazırda rayonda nadir hallarda həyata keçirilən ikinci bal süzümü prosesi aparılır.
Cari ildə ikinci dəfə məhsul götürənlər sırasında Rafiq Nağıyev də var. Dəyirmandağ kəndində yaşayan arıçı 34 ildir ki, bu işlə məşğul olur. Gədəbəy Arıçılar Assosiasiyasının sədri olan təsərrüfatçı bu sahənin sirlərini gənc yaşlarında ailəsindən mənimsəyib. Bir sıra beynəlxalq layihələrdə iştirak edən Rafiq Nağıyev xarici ölkələrdə qazandığı təcrübəni şəxsi təsərrüfatında tətbiq edir. Sanitar-gigiyenik qaydalara uyğun şəkildə arıxana yaradan təsərrüfatçı bal süzümünü xüsusi avandanlıqlar vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, bu il havaların yaxşı keçməsi məhsuldarlığa müsbət təsir edib. Ötən il şəxsi təsərrüfatında hər arı ailəsindən orta hesabla 16 kq bal əldə edibsə, bu il göstərici 21 kq olub.
Rafiq Nağıyev - Gədəbəy Arıçılar Assosiasiyasının sədri, arıçı: Məhsuldarlıq yaxşıdır. Havaların daha münasib olması ilə arıçılıq məhsullarının əldə edilməsində stimul yaratmışdır. Çox münasib hava şəraiti oldu. Yəni dağlıq yer olduğuna görə Gədəbəyin tarixində ikinci dəfə məhsul çox nadir hallarda götürülür. Çox şükür ki, iki dəfə bal süzümünə mən nail oldum.
Təcrübəli arıçı balın satışında da çətinlik çəkmir. Məhsulu evindəcə, həm də yaxşı qiymətə satdığını deyir.
Rafiq Nağıyev - Gədəbəy Arıçılar Assosiasiyasının sədri, arıçı: Bazarım elə yerimdəcə, öz həyətimdə, arıxanamda satıram. Qırağa çıxarmıram. Özü də yüksək qiymətə 40, 50, 55 manata satıram. BU da firavanlığın rəhnidir. Həyat şəraitimi yaxşılaşdırmaq, arıxanamın tikintisi və digər şeylər üçün maddi imkanımı daha yüksək səviyyəyə çatdırır.
33 arı ailəsi olan Rafiq Nağıyev dövlətin verdiyi subsidiya hesabına bu il təsərrüfatını genişləndirərək yeşiklərin sayını 37-yə çatdırıb. O, gələcəkdə təsərrüfatını daha da inkişaf etdirmək niyyətindədir.
Rafiq Nağıyev - Gədəbəy Arıçılar Assosiasiyasının sədri, arıçı: Subsidiyanı mən arıçılığın inkişafına - arıxananın abadlaşdırılmasına, arıçılıq məhsullarını istehsal etmək üçün avandanlıqların alınmasına yönəldirəm. Təqaüdə çıxdıqdan sonra hazırda 37 arı ailəm var və gələcəkdə onu artırıb 50-dən çox edəcəm.
Gədəbəydə 816 arıçı 10747 arı ailəsi saxlayır. Bu il həmin təsərrüfatlardan 80 tondan çox bal istehsalı gözlənilir. Dağ rayonunda ikinci süzüm avqustun ortasınadək davam edəcək.
- Baxış: 485