İnsanların tarix boyu sevimli qida məhsulu kimi qəbul etdiyi üzüm təbiətin insanlara ecazkar hədiyyəsidir. Azərbaycanda yeddi minillik tarixi olan üzümçülük qədim zamanlardan həyat və məişətimizdə əsas yerlərdən birini tutur. Məhsula aqrotexniki qulluq, məhsuldarlığın artırılmasının innovativ üsulları, Samux rayonunda üzümçülüklə məşğul olan fermerlərin fikirləri ilə bağlı əməkdaşımız Valeh Anaroğlunun xüsusi reportajı var. İzləyək.
Samux rayonunda olan üzüm təsərrüfatlarında suvarma prosesi yekunlaşmaq üzrədir. Hazırda məhsuldarlığı olmayan tinglərin budanması prosesi davam edir.
Ötən il Samux rayonundaki üzüm bağlarından 11625 ton üzüm yığılıb. Üzümçülük bu rayonda iqtisadi baxımdan çox gəlirli sahə hesab edilir. Sahə vahidindən alınan gəlirə görə üzümçülük yalnızca örtülü tərəvəzçilikdən geri qalır. Yüksək aqrotexniki qulluq fonunda və intensiv becərmə texnologiyasını tətbiq etməklə üzümlükdən yüksək məhsuldarlıq əldə etmək mümkündür. Samux rayonunda üzümçülüklə məşğul olan fermerlər sadalananlara nail olmaq üçün hazırda aqrotexniki qulluq prosesini davam etdirir.
Yunis Ələkbərov - fermer: Hazırda suvarma bitib.Bir həftəyə-on günə məhsuldarlığı olmayan zoğları kəsəcəyik.4 sort üzüm məhsulumuz var.Təbriz, Redklob,Merlot,Prima.Sorta görə məhsuldarlığın həcmi dəyişir. Sort var hektara 15 ton məhsul verir, sort da var hektara 18 ton.Biz bu mövsüm 150 ton məhsul gözləyirik.
Hazırda rayonda 937 hektar bar verən üzüm bağları mövcuddur. Bağların 488 hektarı süfrə, 537 hektarı isə texniki üzüm sortlarından ibarətdir. Məhsuldarlığa təsir göstərən əsas amillərdən biri torpağın strukturunun yaxşılaşdırılmasıdır. Üzüm bitkisi müxtəlif geoloji mənsəblərdə daha yaxşı yetişir. Ekoloji amil kimi üzüm bitkisinin ömrü və məhsulunun keyfiyyəti torpaqdan asılıdır.
Sevil Abduləliyeva - ekspert: Tənəyin suvarma norması var.Sortdan, torpağın su keçiriciliyindən , tipindən, iqlimdən asılıdır.Bir-biri ilə bağlı olan məsələlərdir bunlar.Düzgün qulluq olunarsa, üzümlükdən mütəmadi olaraq məhsuldarlıq götürmək mümkündür.Suvarmada normanı düzgün yerinə yetirmək lazımdır.Mütləq suvarmalar var.Ağlama deyirik buna üzüm bitkisində.Həmin prosesdən sonra mütləq suvarma lazımdır.
Üzümlük salınmazdan onun hansı yolla çoxaldılmasına diqqət yetirilməlidir. Adətən təsərrüfatlarda calaq üsulu ilə çoxaldılan məhsulun, digər yollarla çoxaldılması da mümkündür. Xüsusilə qiymətli üzüm sortlarının sürətlə çoxaldılması lazım gəldikdə qələmlə çoxalma üsulundan da istifadəni vacib edir.
Sevil Abduləliyeva - ekspert: Birinci ildən tənəyin dayağa vurulması, formanın əvvəlcədən seçilməsi vacibdir.Əvvəlki dövrdə 5-7 ilə əmələ gələn məhsuldarlığı, bizim təklif etdiyimiz üsullarla 2-3 ilə endirmək mümkündür. Bununla da stabil məhsul alınır.Beləliklə formanın təməli düzgün qurulur. Daha sonra problemlər yaranmır.Bilirik ki, üzüm bitkisi kəsildikcə ömrü gödəlir.Kəsməni nə qədər az aparsaq, üzümün ömrünü uzatmış oluruq.Ona görə də formanı düzgün seçmək lazımdır.
Üzüm elə bir məhsul növüdür ki, gərək səbrli olasan, illərlə onun nazını çəkəsən, hər şıltaqlığına dözəsən. Yalnız o zaman səni sevindirəcək, ruzi-bərəkət gətirəcək. Samuxda bunu yaxşı bilirlər. Bilirlər ki, müstəqil dövlətin hər bir ağacı da, tənəyi də onun müqəddəs nemətidir.
Valeh Anaroğlu
- Baxış: 2282