• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 20.04.2020 19:57

İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan laboratoriya kompleksinin açılışında iştirak edib

KepezTV Player

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu bina sovet dövründə tikilib. Bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar.

Prezident İlham Əliyev deyib ki, binada əsaslı yenidənqurma-təmir işlərinin aparılması bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Ölkədə infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımların məhz energetika sahəsinə də aid olduğunu xatırladan dövlət başçısı son 16 il ərzində ölkədə 30-dan çox yeni stansiyanın tikildiyinə diqqət çəkib, vurğulayıb ki, əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişik.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcənin hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına və bu kreditlər qaytarılır. Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər.

Prezident İlham Əliyev deyib ki, bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəzanı xatırladan dövlət başçısı vurğulayıb ki, bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermişdi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək.

Dövlət başçısı əlavə edib ki, digər elektrik stansiyalarında da bərpa işləri aparılır. Bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Bununla da Azərbaycan bir çox inkişaf etmiş ölkələri qabaqlayıb. Özü də qısa müddət ərzində. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, təkcə bu ilin 3 ayında, - neftin qiymətinin düşməsinə, koronavirus pandemiyasının ölkəmizə də çox böyük təsir göstərməsinə baxmayaraq qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxarıb ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəliblər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edilib və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzalayıb. Bu sazişlər əsasında sırf xarici investorların hesabına ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcək. Dövlət başçısı əmin edir ki, Azərbaycanda bərpa olunan enerji potensialı böyük olduğundan həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə.

Prezident İlham Əliyev əminliyini ifadə edib ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaq.