• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 17.04.2020 19:31

Karantin rejimi uzadılacaq

KepezTV Player

Azərbaycanda karantin rejiminin vaxtı uzadılacaq. 190 manat alanların sayı isə 600 min nəfərə çatdırılacaq. Bu barədə fikirlər Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda səsləndirilib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Prezident İlham Əliyev vurğulayıb ki, karantin rejimi mərhələli yollarla sərtləşdirilib və eyni qaydada - mərhələli yollarla da yumşaldılmalıdır. Hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də vəziyyətə uyğun şəkildə addım atılmalıdır. Dövlət başçısı səhiyyə sisteminin böyük sınaq qarşısında olduğundan da danışıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi.

Dövlət başçısı diqqətə çatdırıb ki, yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Ancaq indi bu say artırılır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, hər gün 10 min insana ödəniş köçürülürdüsə, artıq son günlər bu rəqəm 20-25 minə çatdırılıb. Dünən axşamadək artıq 140 min insana ödəniş edilib. Bugünkü plana əsasən əlavə 25 min insana ödəniş ediləcək.

Sahil Babayev - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: Biz Sizin tapşırığınıza əsasən ayın sonuna qədər gündəlik rəqəmi 25-30 minə çatdırmağa çalışarıq ki, maksimum sürətlə icra olunsun, aprelin sonu, mayın əvvəllərində artıq 600 min insanın hər biri bu vəsaiti alsın. Əsas sual, eyni zamanda, vətəndaşlarımızın bu vəsaiti götürməsi ilə bağlıdır. Çünki bir gündə ödəniş həddən artıq çox olanda istənilən şəkildə vətəndaşların müraciəti və sıxlığı yarana bilər bizim bank şöbələrimizdə, poçt şöbələrimizdə. Ona görə biz onu da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə tənzimləməyə çalışdıq və əsas yük poçt şöbələrimizin üzərinə düşür. Onlar da həqiqətən bu günədək bu missiyanı çox uğurla icra edirlər. Amma biz düşünürük ki, ən geci mayın ilk həftəsində bütün ödənişlər yekunlaşacaqdır. Sizin tapşırığınıza uyğun olaraq ikinci ödənişin böyük bir hissəsi köçürmə yolu ilə həyata keçirilsə, əlbəttə ki, daha sürətlə icra ediləcəkdir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bizim banklara da indi müraciət edirəm ki, onlar, - düzdür, bu, böyük iş tələb edir, - burada maksimum operativlik göstərsinlər. Çünki əgər 600 min insanın hamısı bank hesabı açarsa, - biz bunu istəyirik, tövsiyə edirik, - bu, əlbəttə ki, müəyyən problemlər yarada bilər. Ona görə bank sektoru da buna hazır olmalıdır. Beləliklə, bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar, şəffaf şəkildə alacaqlar.

Videokanfrans zamanı ünvanlı sosial yardım alanların sayının artırılmasından və bu sahədəki vəziyyətdən danışılıb.

Sahil Babayev - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunubdur. Aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir və ya 36 min şəxsdir. Bu dinamika da Sizin tapşırığınıza uyğun olaraq mütəmadi şəkildə artırılacaq. Ünvanlı yardım bizim aztəminatlı ailələrimizə önəmli bir dəstək mexanizmi kimi yenə də Sizin təşəbbüsünüzlə icra ediləcəkdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, artıq 11 min 567 vergiödəyicisinə - 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub.

Mİkayıl Cabbarov - İqtisadiyyat naziri: Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər.

Mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi də nəzərdə tutulur. Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı prezident tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi də görüləcək işlər sırasındadır.