Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb. Sərhəd buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri vəziyyəti yoxlanılıb, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib. Elçin Quliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin rəhbəri Aleksey Buyerov ilə işçi görüş də keçirib. Azərbaycan və Rusiya vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” – “Yaraq-Qazmalar” dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.
- Baxış: 424