Daşınmaz əmlak bazarı. Qiymətlər qalxıb, tələb azalıb. Bu ilin əvvəlindən indiyədək Gəncənin də daşınmaz əmlak bazarında hökm sürən vəziyyət təfərrüatı ilə növbəti materialımızda.
Daşınmaz əmlak bazarında ümumi mənzərənin dəyişməsinə bir sıra amillər təsir edib. İpoteka kreditlərinin verilməsi, əhalinin yeni mənzillərlə təmin edilməsi, inşa edilən yeni tikililər qiymətlərə təsirsiz ötüşməyib.
İlqar Ələkbərov - şəhər sakini: Ev axtaranlar evi özləri tapsa yaxşı olar. Maklerlər vasitəsilə tapdıqda, onlar da qiymət qoyur. Onlara da müraciət etmədən ev aldıqda, müəyyən problemlər yaranır. Evin tikilişində, formasında. Evi şəxsən alsan daha yaxşıdır. Özləri tapsa daha ucuz ala bilərlər.
Arzuman Hüseynov - şəhər sakini: Bu məsələ ilə bağlı addımlar atılmalıdır ki, gənclər növbəyə yazılsın. İş yerlərindən növbə almalıdırlar. Kirayə evlərə də ona görə üstünlük verilir ki, ev ala bilmirlər.
Mənzillərin, evlərin qiymətləri isə əraziyə görə dəyişir. Qiymət formalaşdıran amillərə evlərin təmiri, sahəsi də təsir edir. Rieltorlar real vəziyyəti dəyərləndirir.
Mahmud Babayev - rieltor: Azərİttifaq, Mahrasa Bağı, həmçinin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən yeni binaların qiymətində bahalaşma var. Kvadratına, yerinə, təmirinə görə bahalı və ucuz olması müəyyənləşir. Tam təmirli olan evin kvadratı 1300 azn-a çatıb. Köhnə bina evlərinin satışında isə qiymətlər stabildir. Kirayə evlərdə bahalanma var. Şəhərin mərkəzi hissələrində 250-300, hətta 400 azn-ə də ev tapmaq mümkündür.
Qaçay Abbasov - şəhər sakini: Əvvəllər insanlar ev almaqla bağlı ayda 5-10 dəfə müraciət edirdilər. İndi isə demək olar ki, bu məsələ çox çətindir. İndi əksəriyyəti satır. Satıb ucuz evlər almaq istəyirlər.
Əmlak bazarında qiyməti bazar özü müəyyənləşdirir, tələbat artdıqca qiymət də bahalanır.Daşınmaz əmlakın düzgün qiymətləndirilməsi alıcılara düzgün seçim etməyə imkan verir.
Şəlalə Nəbiyeva - ekspert: Mənzillərin icbari sığortasının həyata keçirilməsi, kredit sahəsində girov predmetinə çevrilən daşınmaz əmlakın düzgün qiymətləndirilməsi çox vacibdir. Dünya təcrübəsinə, beynəlxalq təcrübəyə əsaslanaraq, xüsusən də daşınmaz əmlak bazarındaki qiymətlərə uyğun olaraq daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilir.
Bazarın alqı-satqı seqmentində artımlar isə daha çox təkrar bazarda müşahidə olunub. İlkin bazarda qiymətlər 2 faiz, kommersiya obyektlərində isə 7 faiz artıb. Mövsümlə əlaqədar torpaqların qiyməti 12 faiz bahalaşıb. Ev alqı-satqısı ilə məşğul olanların sözlərinə görə, həyət evlərinin orta qiyməti yerindən asılı olaraq 40-45 min manatadır. Bina evlərinin dəyəri isə 20-60 min manat arasında dəyişir.
- Baxış: 527