Xalq sənətinin ən geniş yayılan növlərindən biri Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutan və az qala xalqın rəmzinə çevrilən xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu , xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilirdi, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.Qədim xalça və xalça məmulatının toxuma ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etdirilib,xalqımızın məişətində və həyatında mühüm rol oynayıb. Azərbaycan xalçalarının rəngarəngliyi təbiətin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir.Xalçaya olan sevgi bütün bölgələrimizdə öz təzahürünü tapıb. Bunun nəticəsidir ki, hər regionun təbiətinə, adət-ənənələrinə, məişətinə uyğun xalçalar toxunub və onlar yer adlarına uyğunlaşdırılıb.
Azərxalçanın Şəmkir filialında toxunan xalçalar Bölgələrin rəngarəngliyini öz üzərində əks etdirir.Əsasən şux rənglərdən istifadə olunur və bu xalçalarda ana xətti qırmızı rəng təşkil edir.
XIX əsrin görkəmli şairi Xurşudbanu Natəvanın müşayiəti altında toxunan və xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" Qarabağın rəmzi kimi Azərbaycanın məşhur xalçalarından biri hesab edilir. "Xanlıq xalçaları" müxtəlif kompozisiyalı və müxtəlif təsvirli olur.
Bu milli sənətin ən qədim nümunələri bu gün Azərxalçada bərpa edilir.Bərpa prosesindən əlavə elmi araşdırmalar və ilkin sənətkarlıq yolu ilə xalça sənətinin qüdrətinə valeh olan yeni bir nəsil də formalaşır.Sabahkı sənət və məxsus olduğumuz milli mədəniyyətimizi yaşatmaq naminə...
Gülnur İbrahimova
- Baxış: 550