Gəncənin 3 prospekt və küçəsinin paralel olaraq asfaltlanması işlərinə başlanılıb. Təmir şəhərin su və kanalizasiya xətlərinin yenilənməsi zamanı qazıntı aparılan küçələrdə aparılır. Hazırda işlər Nizami Gəncəvi prospektində, Kimyaçılar və Bayan küçələrində gedir. Nizami Gəncəvi prospektinin Süleyman Rəhimov küçəsi ilə kəsişməsindən başlayaraq 1 km-lik hissəsində yeni asfalt qatı salınır. Həmçinin yol boyu piyadaların rahat hərəkəti üçün səki də normal hala salınır. Kimyaçılar küçəsində isə asfaltlanma işlərinə hazırlıq görülür. Yolun yataq hissəsi hamarlaşdırılır. Küçədə yağış sularının axıdılması üçün boru xətti də çəkilir. Analoji işlər Bayan küçəsində də aparılır. Ümumilikdə hər üç yolda bütün işlərin gələn ayın ortalarına kimi başa çatdırılması nəzərdə tutulub.
Ceyhun Bediyev - sahə rəisi: Çınqıl işləri gedir, qreyder dağılan yerləri çıxarır. Onun yeri balans verilərək kibləşdirilir. Bayan küçəsində də səki daşları dəyişdirilir. Bir neçə yerdə su-kanlzasiya xətti çəkilən yarımçıq işlərimiz qalıb onlarıda tamamlayırıq.
Elçin Tağıyev - sakin: Bu yollar çox bərbad vəziyyətdə idi. Palçıqda gediş-gəliş çox çətin idi. Dövlətimiz tərəfindən bu yollar bərpa olunursa çox yaxşıdı. Öz minnətdarlığmı bildirirəm.
Arif Hüseynov - sakin: Pis gündə idi, gedib-gəlmək olmurdu. Maşın yüklü bazar gedə bilmirdi. Çox pis idi. Sağ olsunlar asfaltlayırlar, yaxşı olar.
- Baxış: 889