Tovuz şəhər stadionunun istifadəyə verilməsində 40 il ötür. “Turan Tovuz” futbol klubunun ev oyunlarını keçirdiyi arena rayonun idman həyatında xüsusi rola malikdir.
Stadion Tovuz Olimpiya İdman Kompleksi istifadəyə verilənə kimi rayonun ilk və tək idman obyekti olub. Sovetlər dövründə tikilsə də, müxtəlif illərdə rekonstruksiya olunaraq müasirləşib və hazırkı formasını alıb.
Rasim Əliyev müəllifi olduğu 100 yaşlı Tovuz futbolu kitabında stadionun tarixi barədə geniş məlumat verib. Arenanın açılışında yerli “Məhsul” o dövrlər üçün ölkənin əsas komandası hesab olunan “Neftçi” ilə qarşılaşıb.
Tovuz stadionu həm də müharibə dövrünü görmüş idman qurğularındandır. Erməni təcavüzkarlarının ölkəmizə qarşı apardıqları müharibə illərində arena mərmilərin atəşi altında olub. Sonuncu təmirədək tribuna və binalarda həmin qəlpələrin izlərini görmək mümkün idi.
Müharibə illərinə baxmayaraq futbol oynamaqdan və azarkeşlik etməkdən çəkinməyən tovuzlular həmin dövrlərdə “Turan” ən yaxşı çıxışlarına töhvə veriblər. Komanda bütün ev oyunlarını doğma meydançasında keçirirək 1992-1995-ci illərdə çempionatın müxtəlif əyarlı medallarına yiyələnib. Odru ki, Tovuz futbolunun bütün uğurlarına ev sahibliyi edən stadion özündə böyük bir tarixi cəmləşdirən məbəd kimi səciyyə olunur.
Bu stadion tanınmış yerli məşqçilər və futbolçularla yanaşı, əcnəbilərə də qucaq açıb, meydan olub.
Fəaliyyətinin 40-cı ilində Tovuz şəhər stadionu böyük dəyişikliklər astanasındadır. Rayonda futbol akademiyasının açılması ilə bağlı işlər getdiyindən arenada köklü təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub.
Araşdırmalara əsasən, Tovuzda ilk stadion yerli almanlar tərəfindən 1916-cı ildə salınıb. 100-dən çox yaşı olan Tovuz futbolunda stadionların sayı bir neçə olsa da, tədricən tarixin yaddaşına qovuşublar.
Azad Rəfi
- Baxış: 833