Ötən ilin noyabrında Gəncənin Şahlar Hüseynov, 13 A ünvanında baş verən partlayış nəticəsində bir bloku uçan yaşayış binasının yerində inşa olunan yeni binanın tikintisi başa çatmaq üzrədir. Ümumi sahəsi 4570 kvadrat metr olan binanın tikintisinə mayda başlanılıb. 5 mərtəbəli, 2 bloklu olacaq binada ümumilikdə 50 mənzil olacaq. Layihəyə görə mənzillərdən 25-i bir, 10-u iki, 15-i isə üç otaqlıdır. Bütün mənzillər tam təmirli olmaqla yanaşı isitlik sistemi ilə də təchiz olunacaq. Hazırda binada daxili hörgü işləri görülür. Tikilinin ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır. İnşaat tam yekunlaşandan sonra ərazidə abadlıq işləri də aparılacaq. Yaşıllıq zolağı salınacaq, işıq dirəkləri basdırılıb, oturacaqlar qoyulacaq. Bundan başqa, uşaqların əylənməsi üçün meydança da salınacaq. Həmçinin binanın qarşısında mərasim zalı tikiləcək.
- Baxış: 1400