Gəncədə Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən “butulka ev” öz adı ilə məhşurdu. Özünə məxsus qurluşa malik olan ev Gəncəli İbrahim Cəfərovun fantaziyasının məhsuludur. O, 1966-cı ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikməyə başlayıb. Evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib.
Rövşən Cəfərov İbrahim Cəfərovun nəvəsi: Burada əl zəhmətindən çox istifadə ounub. O vaxtı heç nə olmayıb, çəkic zubillə işləyib. Göz qabağındadır ki, onunla nə yaradıb. Ölmüş qardaşının, onun dostlarının, itkin düşmüş əsgərlərin xatirəsinə bu evi tikib. Hamısını da öz vəsaiti ilə özü edib. Gör nə qədər vətənini, millətini sevən insan olub. Hamısı da Azərbaycana aid naxışlardı.
Binanın ön hissəsində eyvanın divarına evin inşa olunma tarixi yazılıb. Yan tərəfdə eyvanın divarına sonralar 80-ci ildə SSRİ-də keçirilən olimpiya oyunlarının şərəfinə qeydlər də edilib. Ən maraqlısı isə binanın arxasında olan təsvir və yazıdır. Burada silahlı sovet əsgəri daşlarla divarda təsvir olunub və rus dilində "Vətənin naməlum əsgərinin xatirəsinə əbədi eşq" sözləri yazılıb. Müəllif öz adını da eyvanın bir hissəsində divara rus dilində həkk edib. "Butulkalı ev"də diqqət çəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözü işlənib. Baxmayaraq ki, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılırdı. Ümumilkdə isə binada Azərbaycan simvollarının yaşadılmasına çalışılıb.
İbrahim Cəfərov İkinci Dünya Müharibəsindən qayıtmayan qardaşı Yusifin eləcədə digər həmvətənlərimizin xatirəsinə bu evi tikərkən Xəzər dənizinin dalğasını da simvolik olaraq yaratmağa çalışıb. Binanın eyvanın qarşısında bu cür dalğavari tikili də inşa edib.
Gəncə sənətkarlığının nadir incilərindən hesab olunan tikiliyə baxmaq üçün dünyanın hər yerindən turistlər gəlir, şəkillər çəkdirib evin xatirə kitabına ürək sözələrini yazırlar.
Rövşən Cəfərov: İbrahim Cəfərovun nəvəsi: Elə olur 5-6 avtobus bir gündə adam gəlir.Dünyanın hər bir yerindən var. Fəxr edirik ki, rəhmətlik kişi qoyub gedib.Sağ olsunlar dövlətimiz gəlib baxıb maraqlanıb çəkib götürüblər yaxın gün də təmirə dayanacaq.Köhnədən ev necə olub elədə olacaq.
1991-ci ildə vəfat edən İbrahim kişinin yadigar qoyub getdiyi bu məhşur evdə onun nəvə və nəticələri yaşayır. Onların tək arzusu evi qoruyub, gələcəlk nəsillərə yadigar qoymaqdır.
- Baxış: 759