• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 03.05.2019 18:20

Milli Məclisin növbəti plenar iclası keçirilib

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun məlumatı dinlənilib. Millət vəkilləri bəzi aktual məsələləri də müzakirə ediblər.

İclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun məlumatı dinlənildi. BMT-nin illik hesabatını təqdim edən Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov bildirdi ki, Azərbaycanda ötən il müəyyənləşən 98 nəfər insan alveri qurbanından 82-si qadın, 16-sı kişidir. 92 nəfərsə yardım mərkəzinə göndərilib.

Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152 saylı Qaynar xətt"inə 6 min 310 müraciət daxil olub. Uşaq əməyinin istismarının qarşısının alınmasına qarşı keçirilən reydlər zamanı isə küçələrdə işləyən və dilənçiliklə məşğul olan 450 uşağın müəyyən edildiyi açıqlandı.

Millət vəkilləri isə valideynlərin məsuliyyətinin daha da sərtləşdirilməsini təklif etdilər.Küçələrdə işləyən və dilənçilik edən uşaqların məcburi peşə təhsilinə cəlb olunması həmçinin uşaqpulunun bərpası və aliment fondunun yaradılması istənildi.

Sonra iclasda kitab satışı üçün əlverişli məkanların təşkil edilməsi, məktəbli çantalarının ağırlığı məsələlərinə toxunuldu.

"Aqrar sığorta haqqında" yeni qanun layihəsinə dair təkliflər də açıqlandı.Bildirildi ki, sığorta şirkətlərinin imkanlarından yararlanmaq mümkün olacaqsa, onda işə iri fermer təsərrüfatlarından başlamaq lazımdır.