Müəllimlər yalnız bilik vermir. Əsl pedaqoq həm də psixoloq olmalıdır. Hər bir uşağa necə yanaşmağı, onu təhsilə necə cəlb etməyi bilməlidir. Bununla bərabər indi demək olar ki, bütün məktəblərdə psixoloqlar da fəaliyyət göstərir. Bəs bu psixoloqların uşaqlara, onların təhsilinə köməyi varmı? Onlar hansı funksiyanı yerinə yetirir və uşaqlar hansı hallarda ona müraciət edir? Bu sualların cavabını məktəbdə axtaracağıq.
Şahin Əzizzadə - məktəbin direktor müavini: İndiki durumda şagirlərin söhbət aparılması tərbiyə prosesinə mühüm təsir göstərir. Ona görə də, psixoloqların işləməsi zəruridir. Psixoloqun əsas vəzifəsi məktəbdə şagirdlər arasında psixoloji durumun yaxşılaşdırılması, nümunəvi şəkildə olması üçün əsas işləri görməsidir.
Şagird: Yəni biz yeniyetməlik dövrü ilə əlaqədar bir neçə dəfə psixoloqlarla söhbət aparmışıq.
Şagird: Dostumla aramda mübahisə düşdü və mən onunla barışmaq istəyirdim, o, məni danışdırmırdı. Məndə psixoloqa müraciət etdim ki, mən nə etməliyəm ki, o mənlə barışsın.
Şagird: Mən həmçinin sinif nümayəndəsiyəm, sinifdəki bəzi uşaqlar emosional olduqları üçün, onlar haqqında bəzi fikirlərimi psixoloqa müraciət etmişəm.
Aynur Nağıyeva - məktəb psixoloqu: Uşaqların psixoloqa müraciət etdikləri ən aktual problemlər imtahanlarla bağlı olur. Digər siniflərə nisbətən 9-cu və 11- ci siniflər daha çox müraciət edirlər. Onu da qeyd edim ki, psixoloq bir növ uşaqların dostu olmalıdır və psixoloqla uşaq arasında olan söhbət sırf onların ikisi arasında qalmalıdır.
Məktəblərdə psixoloqların olması həqiqətən çox müsbət bir haldır. Yetər ki, həmin psixoloqlar öz işlərinə məsuliyyətlə yanaşıb uşaqlara, deməli həm də cəmiyyətimizə həqiqətən fayda vermək istəsinlər.
Fidan Muradlı
- Baxış: 506