Bu payız-qış mövsümünə hazırlıq Göygöldə elektrik enerjisi ilə təminat sarıdan problem yaşanmayacağını deməyə əsas verir. Təmir, sazlama və quraşdırma işləri nəticəsində xüsusən də, dağ kəndlərinin sakinləri fasiləsiz elektriklə təmin edilir.
Hazırda işlər əsasən rayonun Balçılı, Yeni Qızılca, Nadel, Quşqara, Alımədədli, Xəqani və Cümşüdlü kəndlərində aparılır. Bu yaşayış massivlərində 10 və 04 kilovoltluq elektrik xətlər tamamilə yenisi ilə əvəz olunur, istismar dövrünü başa vuran köhnə transofmatorlar dəyişdirilir, abonentlərin mənzillərinə yeni sayğaclar quraşdırılır.
Eldar Musayev Balçılı kənd sakini: Bilirsiz ki, qarşıdan qış gəlir. Qış mövsümündə də elektrik enerjisi çox lazım olur. Baxmayaraq ki, qaz da işlədirik ancaq işıqdan çox istifadə olunur. Dirəklərimiz çoxdan çəkilmiş dirəklər idi. Çürüyüb sıradan çıxıb çoxusu. İndi sağ olsunlar bu işi həyata keçirənlər. Bizim bütün bu elektrik ləvazimatları təzələnir.
Cuma Məmmədov Balçılı kənd sakini: Balçılı kəndində elektrik təsərrüfatını təzələyirlər. Vaxt var idi köhnə dirəklər saxlayırdı xətləri. Onlar da külək əsən kimi yıxılırdı. Şükür Allaha həm dirəklər həm xətlər dəyişdirilir.
Rayonun elektrik təsərrüfatının yenilənməsi ilə yanaşı sərt hava şəraitində, xüsusən də dağlıq ərazilərdə işləmək üçün şəbəkə maşın mexanizimlərlə təchiz olunub. Bütün bunlar isə yarana biləcək texniki nasazlığı tez və operativ şəkildə aradan qaldırmağa imkan verəcək.
Samir Rəsulzadə Göygöl Elektrik Şəbəkəsinin rəisi: Ümumilikdə Göygöl Elektrik Şəbəkəsinin xidməti ərazisində bu ilin 10 ayı ərzində 71 ədəd yeni tipli müasir yarımstansiyalar tikilib abonentlərin istifadəsinə verilib. 11 kilometr məftil yeni 10 kilovoltluq yeni naqillərlə əvəz olunub. 85 kilometrə yaxın sip kabel çəkilərək abonentlərin istifadəsinə verilib.
Azərişıq ilin sonuna kimi rayonun daha 2 kəndinin Zurnabad və Şəhriyar kəndlərinin elektrik təsərrüfatının yenilənməyi nəzərdə tutur. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev son ilərdə həyata keçirilən yenidənqurma işlərinin nəinki Göygöl, ölkə ərazisində əhalini 24 saat enerji ilə təmin etməyə imkan verdiyini deyir.
Elton Cabbarlı
- Baxış: 500