Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edən boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin heyətində Gəncə idmançısı da olub. Qonşu ölkədə Niyaməddin Allahverdiyev fərqlənməyi bacarıb.
Nalçikdə reallaşan yarış komanda xarakterli olub. Dəri əlcək ustalarımız Avropa birinciliyinə hazırlıq çərçivəsində Qazaxstan və Rusiya boksçuları ilə döyüşüblər. Yığmamız turniri ikinci yerdə başa vursa da, heyətin 3 üzvü
keçirdikləri bütün görüşlərdə qələbə qazanıblar. Onlar arasında Gəncədən Niyaməddin Allahverdiyev də var. O, 60 kq-da qarşısıalınmaz olub.
1 nömrəli Uşaq Gənclər İdman-Şahmat Məktəbindən əməkdar məşqçi Albert Qəribovun məşq bölməsində yetişən Niyaməddin Allahverdiyev ölkənin ən perspektivli boksçularından sayılır. Allahverdiyev 2015-ci ildə düzənlənən yeniyetmələrin qitə birinciliyinin gümüş medalçısıdir. Gənc boksçu ölkədaxilində və xaricində keçirilən beynəlxalq turnirlərin dəfələrlə mükafatçısı olub.
Boksçularımızın iştirak edəcəyi Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 18-nə kimi Bakıda olacaq. Qitə Antalyada bu ayın 20-dən 29-dək davam edəcək.
Azad Rəfi
- Baxış: 485