Toyda olanda ətrafdakı ab-hava, xoşbəxtlik diqqətimizi oynamağa, şənlənməyə, günün səbəbkarlarına yönəldir. Hətta o dərəcədə ki, günümüzün əsas diqqət obyektivi, olmazsa olmazımız mobil telefonumuzu belə unuduruq. Bu, müəyyən tərəfdən yaxşı olsa da, əmmasız da deyil. Çünki bizim diqqətimizin yayınmasında diqqəti olanlar da var. Elə indi tanıyacağınız "qəhrəman" Elman kimi. Şəxsin işi toylara getmək olub... nə qonaq kimi, nə də müğənni kimi...başı şənlənməyə qarışanların telefonlarını oğurlamaq üçün. 11 belə qazancı olub. Amma müvəqqəti... Təhlükəsizlik kameralarından və polisin gözündən yayınmayan dələduzu heç sizin də gözünüzdən yayındırmayacayıq. Baxın, tanış olun , bəlkə qurbanlarından birisiz...
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını gizli yolla oğurlayaraq onlara ziyan vuran əvvəllər məhkum olunmuş Elman Ələkbərov saxlanılıb. Müəyyən edilib ki, o, toy məclislərində 11 nəfərin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirib. Onlardan bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə Ələkbərovun yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb. Telefon oğrusunun əməlləri şadlıq saraylarının müşahidə kameralarında da yaddaşa yazılıb.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Polis əməkdaşları şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-nə və 1-ci PB-nə müraciət edə bilərlər.
- Baxış: 427