“İnter” - “Kəpəz” oyunu nəticəsinə yox, daha çox matçda vurulan qola görə son günlərinin əsas müzakirə mövzusudur. Belə ki, futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində reallaşan görüşdə tamaşaçılar baxımlı qol izləyiblər.
Bakıda keçirilən oyunda futbol meydanlarında nadir hallarda rast gəlinən qol vurulub. Matçın 37-ci dəqiqəsində gəncəlilərin futbolçusu Kərim Diniyev fantastik zərbəyə imza atıb. O, təxminən 60-62 metr məsafədən topu rəqib qolkiper Orxan Sadıqlının qoruduğu qapıya göndərib. Oyunun bəzəyinə çevrilən qol çox güman ki, mövsümün ən yaxşı qolu kimi tarixə düşəcək.
Kərim Diniyev- “Kəpəz”in futbolçusu: “Oyun başlayandan fikir verirdim ki, rəqibin qapıçısı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu. Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdı, hər oyun vursam, girməz. İldə bir dəfə olan qoldu. Niyyətim qapı idi. Çünki tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim”.
Kərim Diniyev mükəmməl şəkildə fərqlənsə də, nə özü, nə də ki, komanda yoldaşları son nəticədə bu zərbəyə doyunca sevinə bilməyiblər. Buna “Kəpəz”in “İnter”ə 2:3 hesablı məğlubiyyəti imkan verməyib.
Azad Rəfi
- Baxış: 406