• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 23.08.2017 19:50

Saxta polislər qanundan qaça bilmədilər

Özlərini qanun keşikçiləri kimi təqdim etdilər, amma qanundan qaça bilmədilər. Söhbət paytaxtda peyda olan saxta polislərdən gedir.

Bakı şəhər sakini Fazil Qədimov Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək, özlərini polis əməkdaşları kimi təqdim edən naməlum şəxslərin ona hədə-qorxu gələrək 300 manatını aldıqları barədə məlumat verib.Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar. Saxlanılanlardan Hikmət Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq, kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları, polis forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.Həyata keçirilən əlavə tədbirlərlə sözügedən şəxslərin cari ilin iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə eyni üsulla hədə-qorxu gələrək, ümumilikdə 3540 manatlarını almaları da müəyyən edilib. Faktla bağlı Sabunçu RPi-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı