Bakıda qardaşın bacısına 12 bıçaq zərbəsi vurması ilə bağlı hadisənin təfərrüatları məlum olub. Qanlı olay 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi 86, mənzil 52 ünvanında ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, Gürcüstandan bibisinin evinə qonaq gələn Camal Əliyevin bacısı – 27 yaşlı Tahirə ilə mübahisəsi yaranıb. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 12 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır. Hadisəni törədən 21 yaşlı Camal Əliyev Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində bildirib ki, bacısı həyat yoldaşından boşanıb və müxtəlif yerlərdə fərdi əməklə məşğul olurmuş. Bacısının ayrı-ayrı yerlərdə işləməyi isə Camalın xoşuna gəlməyib və Gürcüstandan Bakıya bu məsələni araşdırmağa gəlib. Bacısı 2 övladını saxlamaq üçün işləyəcəyini qardaşına sərt formada bildirəndə Camal Tahirəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Saxlanılan Camal Əliyev ailəlidir və 1 azyaşlı övladı var. Faktla bağlı artıq cinayət işi açılıb.
Vüsalə Camal
- Baxış: 369