İctimaiyyət nümayəndələri bu dəfə Azərbaycan Texnologiya Universitetində olublar. İmtahan sessiyasının gedişini izləyənlər sırasında tələbə valideynləri və KİV nümayəndələri də olub.
Aksiya iştirakçıları auditoriyalarda 2016-2017-ci tədris ilinin yaz sessiyası çərçivəsində təşkil olunan imtahanların gedişini izləyib, prosesin mövcud qaydalara uyğun təşkili ilə bağlı müşahidələr aparıblar. Bakalavriat və magistrantın biliyinin qiymətləndirilməsi həm kompyuterdə test üsulu ilə, həm də yazılı formada aparılır. Tələbələr onlara əvvəlcədən təqdim olunan suallardan təsadüfi seçmə yolu ilə müəyyən edilən 50-nə 1 saat ərzində cavab verməlidirlər.
Aytac Balagözova- tələbə: “İmtahanlarım artıq başlayıb və mən səylə hazırlaşıram. Bu gün 5-ci imtahanımı verdim və 86 bal yığdım. Bu uğurlu nəticəni əldə etdiyim üçün sevincliyəm və bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm”.
Səidə Allahverdiyeva- valideyn: “İmtahanlar çox şəffaf və düzgün keçirilir. Tələbənini bilik alması üçün bütün şərait yaradılıb. Bu kollektivin hər bir üzvünə uğurlar arzu edirəm və tələbələrə bu ali təhsil ocağını seçmələrini tövsiyyə edirəm”.
Prosesdə obyektivliyin təmin olunması üçün imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xətt yaradılıb. İndiyədək 2 tələbə texniki yanlışlıq ucbatından baş vermiş anlaşılmazlığın aradan qaldırılması üçün Apellyasiya Komissiyasına müraciət edib, məsələ araşdırılaraq həll edilib. Qaynar xəttə isə hansısa neqativ halla bağlı müraciət daxil olmayıb.
Akif Süleymanov- ATU-nun rektoru: “Onu da qeyd etmək istəyirəm ki, təkcə mediatur günlərində deyil, imtahan vaxtı və dərsin gedişatını arzu edən hər bir şəxs izləyə bilər və müşahidə edib öz qiymətini verə bilər”.
İyunun 1-dən 30-dək davam edən sessiyada əyani və qiyabi bölmə üzrə ümumilikdə 3000-ə yaxın tələbənin bilikləri qiymətləndiriləcək.
Xaliq Qurbanlı
- Baxış: 700