İradəli və səbrli insan məğlub olmaz deyirlər. Ancaq Tovuz və Siyəzəndə iki nəfər məğlub olmamağın yolunu soyuq silaha əl atmaqda görüb. İndi bu şəxslər iradəsizliyin və səbrsizliyin cəzasını çəkməli olacaq.
Tovuzda 2 uşaq atası bıçaqlanıb. Rayonun Aşağı Öysüzlü kənd sakini 31 yaşlı Samir Hüseynov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə rayon mərkəzi xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Toylarda ofisiant işlədiyi deyilən yaralının münaqişə zəminində xəsarət aldığı ehtimal edilir. Daha bir qanlı olay Siyəzəndə qeydə alınıb. Siyəzən şəhər sakini, 50 yaşlı Gülbudaq Şirinov bıçaqlanıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 643