Keçirilən 4 oyunla bütün yarımfinalçılar bəlli olub. Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən oyun İstanbulda keçirilib. “Beşiktaş” doğma meydanda “Lion”u qəbul edib. Oyuna yaxşı başlayan qara qartal 27-ci dəqiqədə Taliskayla hesabı açıb. Lakin türklərin qol sevinci cəmi 7 dəqiqədə çəkib. 34-cü dəqiqədə səhnəyə çıxan Lakazette status-kvonu bərpa edib. İkinci yarıya fəal start verən meydan sahibləri rəqib qapısından daha bir top keçirib. 58-ci dəqiqədə sol cinah asmasının başıyla çərçivəyə ünvanlayan ilk qolun müəllifi Taliska dubl edib. Sonadək bu hesabı qoruyan Beşiktaş 2:1 hesabı ilə qalib gəlib. Fransada baş tutan ilk görüşdə də bu hesab qeydə alındığından növbəti mərhələyə adlayanın komandanın adını müəyyənləşdirmək üçün əlavə hissələrə ehtiyac duyulub. Ancaq burada da qol vurulmadığından penaltilər seriyasına keçirilib. Lotoreyada daha dəqiq oynayan fransızlar 7:6 hesabı qalib gələrək yarımfinala adlayıblar.
Gecənin ən diqqətçəkən qarşılaşmasında turnirin əsas favoriti Mançester Yunayted Old Traffordda Anderlexti sınağa çəkib. Birinci oyunda 1:1 bərabərə qalan komandaların bu dəfəki duelində qırmızı şeytanlar qələbəni bayram edib. 10-cu dəqiqədə ingilislərdən Henrik Mxitaryan sükutu pozub. Fasiləyədək hesaba tarazlıq gəlib. 32-ci dəqiqədə Hanni qapı tirindən dönən topu qolla tamamlayaraq tablodakı rəqəmləri eyniləşdirib. Bu görüşdə də iki oyunun nəticəsinə görə qalib bəlli olmadığından qarşılaşmada əlavə hissələr oynanılıb. 107-ci dəqiqədə fərqlənən Markus Raşford ingilisləri növbəti mərhələyə daşıyıb.
Şalke Ayaks oyununda da eyni ssenari təkrarlanıb. İlk yarıda qol səsi çıxmasa da, fasilədən sonra azarkeşlər iki məhsuldar zərbəyə şahidlik ediblər. Almanlar 53-cü dəqiqədə Qoretska və 56-cı dəqiqədə Burqstallerin qollarıyla 2:0 hesabı ilə önə keçib. 80-ci dəqiqədə qonaqlardan Veltman qırmızı vərəqə alaraq komandasının azlıqda qoysa da, Ayaks qapısından başqa qol buraxmayıb. Beləliklə ilk oyunda Amsterdam klubu doğma meydanda eyni hesabla qələbə qazandığı üçün görüş əlavə hissələrə qədər uzanıb. 101-ci dəqiqədə ev sahibləri Daniel Kariquriylə rəqibi 3-cü dəfə məyus etsə də sonradan qapısında 2 top görüb. Əvvəlcə 110-cu dəqiqədə Vergerer diqqət mərkəzinə düşüb. İkinci əlavə hissənin sonuncu dəqiqəsində isə Amin Yunes qapıya düşərək görüşdə son nöqtəni qoyub. Bununla da ümumi hesab almanları 4:3 üstələyən Ayaks yarımfilna yüksəlib.
Bu mərhələnin Genk – Selta qarşılaşmasında isə qalib müəyyənləşməyib. 2 qolun qeydə alındığı görüşdə ilk qol qonaqlardan gəlib. 63-cü dəqiqədə Pioen Sisto qüvvətli zərbəylə topu tora sancıb. Çox keçməmiş hesab bərabərləşib. 67-ci dəqiqədə Leandro Trossard tablodakı rəqəmləri eyniləşdirib. 1:1. Beləliklə birinci görüşdə 3:2 qalib gələn Selta iki oyunun cəminə görə növbəti mərhələyə vəsiqə qazanıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) - 2:1 ( 6:7 penaltilər)
Qollar: Talişça, 27, 58 - Lakazette, 34
Baş hakim: Milorad Maziç (Serbiya)
İstanbul. “Vodafon Arena”
İlk oyun – 1:2
“Genk” (Belçika) – “Selta” (İspaniya) - 1:1
Qollar: Trossard, 67 - Sisto, 64
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Genk. “Luminus Arena”
İlk oyun – 2:3
“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) - 2:1
Qollar: Mxitaryan, 10, Reşford, 107 (əlavə vaxtda) - Hanni, 32
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:1
“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gelzenkirhen. “Veltins Arena”
İlk oyun – 0:2
Orxan Cəfərzadə
- Baxış: 309