Ötən ilin aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərərk şəhidlik zirvəsinə ucalan Vaqif Bayramovun əziz xatirəsi Naftalanda yad edilib. Şəhər ictimaiyyəti kütləvi yürüşlə şəhidin şəhər qəbristanlığındakı qəbrini ziyarət edib, onun ailə üzvləri ilə görüşüblər.
Azərbaycan tarixinin şanlı səhifələrindən sayılan ötən ilin aprel döyüşlərində canını və qanını vətən uğrunda əsirgəməyən mayor Vaqif Bayramovun şəhidliyinin ildönümü doğulduğu Naftalanda izdihamla anılıb. Şəhər ictimaiyyəti əllərində üçrəngli bayraqlarla, şəhidlərimizin şəkilləri və vətənə aid plakatlarla hərbçinin məzarına qədər yürüş ediblər. Vaqif Bayramovun qəbri ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin qızının anım mərasimində səsləndirdiyi şeir isə tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının qəhrəmanlığından, 1 il bundan öncə düşmənə sarsıdıcı zərbə endirmələrindən söz açılıb.
Ədalət Bayramov- şəhidin qardaşı: “Mənim bir qardaşım 1992-ci ildə Mehman Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub. O biri qardaşım da ali təhsilli, akademiyanı oxudu, zabit idi. O, Naftalanın qorunmasında, təhlükəsizliyində aprel döyüşlərində getdi irəli, döyüşdü, qəhrəmancasına şəhid oldu”.
Mahir Əsgərov- şəhidin döyüş yoldaşı: “Vaqif vətəninə, dövlətinə olan borcunu yerinə yetirən zaman canından keçdi. Burdan düşmənlərə üzümü tutub deyirəm, Vaqif kimi oğlanların, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Ali Baş Komandanın əmrinə əsasən işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə Azərbaycan ordusu hazırdır. Allah şəhidimizə rəhmət eləsin, ruhu cənnətlik olsun”.
Talış kəndi ətrafında gedən döyüşlərdə qorxmazlığı və şücayəti ilə seçilən mayor Vaqif Bayramovun 3 azyaşlı övladı yadigar qalıb.
Vaqif Bayramov kimi Azərbaycanın mərd oğullarının qəhrəmanlığı və şücayəti sahəsində aprel döyüşlərində geri otuzdurulan düşmən bölmələri nəticəsində bu gün Goranboy rayonunun düşmənlə həmsərhəd olan bir neçə kəndi, eləcə də Naftalan şəhəri öz təhlükəsizlik dövrünü yaşayır.
Xaliq Qurbanlı
- Baxış: 1196