Dünyada alüminiumun istehsalı və istehlakı artıb. Bunun başlıca səbəbi bu əlvan metalın üstün fiziki xüsusiyyəti və dünya bazarındakı qiyməti ilə bağlıdır.
Eramızın 1-ci əsrindən bilinən, ilk dəfə 1925-ci ildə sənaye üsulu ilə alınan alüminium yer qabığının 8.8%-ni təşkil edir. Yəni yer qabığında olan hər 12 atomdan biri alüminiumdur. Statistik rəqəmlərə görə, 2000-ci ildə dünyada ilkin alüminiumun miqdarı 24 mln ton, 2010-cu ildə 41 mln ton, 2015-ci ildə 50 mln tondan çox olub. Sənayenin müxtəlif sahələrində - tikinti, aviasiya, avtomobil sənayesi, elektrotexnika, qida sənayesi, məişətdə geniş istifadə olunur.
Nazim Vəliyev- texnika üzrə fəlsəfə doktoru: “Son illər alüminiumun istehsalının sürətlə artmağının səbəbi onunla bağlıdır ki, onun bir sıra müsbət keyfiyyətləri var. Uzun ömürlülük, paslanmamağı, çəkisi aşağıdır. Əlvan metalların içərisində ən ucuzudur. Alüminiumun 1 kub sm cəmi 2.4 qr, dəmir, polad 7-9 qr olur. 3 dəfə bunlardan daha yüngüldür”.
Alüminiuma həmişə ehtiyac var. Hətta 2008-ci ildə də dünyada ciddi maliyyə böhranı başlamasına baxmayaraq, alüminium istehsalı 55 mln tona kimi yüksəlib. Deməli, bu məhsulun alıcısı var. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, elə maliyyə böhranı başlayan zaman böyük avtomobil konsernləri minik avtomobillərinin ümumi çəkisinin 35%-nin alüminiumdan istehsal olunması ilə bağlı birgə qərar veriblər. Əvvəl bu rəqəm 15 % olub.
Rizvan Hüseynov- çilingər: “Alüminiumdan düzələn ehtiyat hissələri əksəriyyəti alman maşınlarında olur. Yapon istehsalı maşınlarda da var. Ancaq bu o demək deyil ki, təhlükəlidir, keyfiyyətsizdir. Bunlar hamısı yoxlanılır. Alüminiumdan istehsal asandır, həm ucuz başa gəlir, həm də daşınma xərci az olur. Alüminiumdan əgər zavod özü istehsal edib, tövsiyə edirsə maşınlarda heç bir problemi yoxdur”.
Dünya alüminium bazarında müəyyən paya malik olan Azərbaycanda da bazarın tələbinə uyğun istehsal istiqamətində işlər genişləndirilir. Qarşıda duran əsas hədəf isə istehsalı artırmaqla yanaşı, onu ilkin məhsul şəklində yox, son məhsul və ya yarımfabrikat olaraq satmaqdır. Bu məqsədlərə nail olunması əldə edilən gəliri də qat-qat artırmağa imkan verər.
Cəmil Səfərov-"Det-Al" Alüminium Kompleksinin direktoru: “Bizim qurduğumuz müəssisədə ildə 55 min ton ilkin alüminium istehsal olunur. Onun 35 min tonu yarımfabrikat şəklində istehsal olunub satılır. Orada təxminən 20 min ton qalır. O da hələlik xammal külçə şəklində satırıq. Amma yaxın gələcəkdə bu 55 min tonun özünün 200 min tona çatdırılması əlimizdə olan 55 min ton məhsulun hamısının son məhsul şəklində satılması istiqamətində işlər aparılır”.
Bu gün dünya bazarında alüminiumun bir tonu təxminən 1900 dollara təklif olunur. Hazırda hətta alüminiumdan yanacaq kimi istifadə oluması ilə bağlı yeni ixtiralar da mövcuddur. Bu qədər geniş istifadə imkanlarını nəzərə alsaq, bu sahənin inkişafının ölkəmizə necə böyük fayda verə biləcəyini təsəvvür etmək çətin deyil.
Jalə Qurbanova
- Baxış: 1365