Azyaşlını avtomobil vurdu. Magistralda zəncirvari qəza: 3 avtomobil toqquşdu. Yenə də yol hərəkət qaydalarına biganəlik fəsadlara yol açdı. Azyaşlı evlərində başlayan günü xəstəxanada başa vurmalı oldu. Neçə-neçə sürücü isə sükan arxasına keçdiyinə, avtomobilini haradasa saxladığına əməllicə peşman oldu.
Paytaxtın Binəqədi rayonunda yüksək sürət zəncirvari yol qəzasına səbəb olub. Hadisə Ziya Bünyadov prospektində baş verib. Sürətlə hərəkətdə olan “Nissan Tiida” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Maşın yol kənarında dayanan iki “Mercedes” markalı avtomobilə çırpılaraq dayanıb. Zərbənin təsirindən “Mercedes”lərdən birindən çıxan ehtiyat hissəsi “Toyota” markalı avtomobili də əzib. “Nissan Tiida”nın sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Avtomobillər cərimə meydançasına aparılıb.
Şəmkirin Düzqışlaq kəndində Qaracəmirli kənd sakini 42 yaşlı Natiq Mustafayev idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçən 7 yaşlı Hüseyn Zeynalovu vurub. Zərərçəkən yaxınlarının köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Hüseyn özəl xəstəxanalardan birinə yerləşdirilib. Bakı-Qazax magistralının 392-ci kilometrliyində zəncirvari qəza baş verib. Hadisə yolun Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini 33 yaşlı Qalib Hüseynovun idarə etdiyi "VAZ 21014" markalı avtomobil Goranboy sakini 47 yaşlı Mustafa Axundovun və Şəmkir sakini 54 yaşlı Abbasəli Əhmədovun sükanı arxasında olduğu iki "VAZ 2106" ilə toqquşub. Yol polisi əraziyə baxış keçirib. İlkin ehtimala görə, qəzaya Abbasəli Əhmədovun sərxoşluğu səbəb olub. O, müayinə üçün narkoloji dispanserə aparılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 726