Bakıdan Qazaxa qədər olan magistralın Gəncədən Gürcüstanla dövlət sərhəddinədək olan hissəsində yeni stasionar radarlar quraşdırılıb. Baş verən yol qəzalarının sayının azalmasına xidmət edən bu addım həm də yol hərəkət qaydalarını pozan sürücülərinin vaxtında aşkarlanmasına kömək edəcək.
Xasay Abdullayev- sürücü: “Ö günü biri sağımdan ötmə edib. Az qaldı belimə çıxsın. Yəqin ki, radarlar olub, belə sürücülər barədə aidiyyəti orqanlar tədbir görsə yaxşı olar”.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Xasay Abdullayev kimi sürücülərin istəyi artıq reallaşıb. Gəncə-Qazax avtoyolunda 50-dən çox stasionar radar və təhlükəsizlik kamerası quraşdırılıb.
Alı Orucov- sürücü: “90 sürət yetər. Heç kimin də tələsməsinə ehtiyac yoxdur. Bir misal var: yüz sürmə, yüz yaşa. İndi əladır”.
Əli Əsgərov- sürücü: “Hər yol ayrıcında demək olar ki, qəzalar olurdu. Günahın kimdə olduğunu sübuta yetirmək olmurdu. Ancaq indi görüntülüdür. Çox yaxşıdı”.
Kamandar Rüstəmov- sürücü: “Bir vaxt radar olmayanda 100-lük yolu 150 sürətlə sürür, sonra da qəza olur. Özünü də yazıq edir, yanıdakını da”.
Stasionar radarlar magistralın sürət məhdudiyyəti qoyulan yerlərində təhlükəsizlik kameraları isə yol ayrıclarında quraşdırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri Aqil Məmmədovun sözlərinə görə, hər iki cihaz praktikada özünü doğruldub.
Aqil Məmmədov- BDYPİ-nin YPXA-nın 9-cu tağımının komandiri: “Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 368-510-cu kilometrliyində artıq işlər yekunlaşıb. Stasionar radarların hamısı qurulub. Mən təxminən deyərdim bir 30 faiz qayda pozuntularında azalma müşahidə olunur”.
Tağım komandiri quraşdırılan qurğuların magistralda ağır yol qəzalarının sayını azaltdığını da vurğulayıb.
Natiq Hüseyn
- Baxış: 723