Həyatın böyük bir qismi səhvlərdən ibarətdir, yerdə qalanı isə bu səhvləri düzəltmək cəhdindən. Amma səhv ardınca səhv edənlər də az deyil. Elə indi təqdim edəcəyimiz sujetin "qəhrəmanı" kimi. Pul qazanmaq üçün aldatdı, daha sonra ölkəni tərk etdi... Qayıdanda isə adını dəyişdi. Nə az, nə çox 17 ildir ki, axtarışda olan hər kəsin Adəm kimi tanıdığı Sabir Əliyev saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən 2000-ci ildən Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinərək, axtarışa verilən Sumqayıt şəhər sakini Sabir Əliyev saxlanılıb. O, kirayədə qaldığı şəxsin evini qeyri-qanuni yolla satmaqda təqsirləndirilərək 17 il əvvəl axtarışa verilib.
Sabir Əliyev 2000-ci ildə Türkiyəyə köçərək orada yaşayıb. Amma bir neçə il bundan əvvəl Azərbaycana qayıdaraq, Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birində işləməyə başlayıb. Tanınmaması üçün isə özünü hamıya Türkiyə vətəndaşı Adəm kimi təqdim edib.
Saxlanılan şəxs barəsində Sumqayıt ŞPİ-də toplanan materiallar araşdırılması üçün Qaradağ rayon prokurorluğuna göndərilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 762