Hesabat turunda çempionatın lideri olan “Bavariya” növbəti qələbəsini qazanıb. Münhenlilər Bremendə “Verder”i 2:1 hesabı ilə məğlub edib. Qonaqlar əvvəlki günlərindən çox uzaqda olan bremenli musiqiçiləri fasiləyə kimi vurduqları iki qolla yenilgiyə sürükləyiblər. İlk yarım saatın tamamında Aryen Robben, fasiləyə az qalmış isə David Alaba rəqib qapısına yol tapıb. İkinci hissədə Verder təsəlli qolu ilə yadda qalıb. Maks Kruz yekun hesabı müəyyənləşdirib.
Bundesliqanın sürpriz komandası “Leptsiq” bu turadək çempionatın cari mövsümündə yeganə məğlubiyyətsiz kollektiv olan “Hoffenhaym”la qarşılaşıb. Debütant doğma meydanda qonaqların seriyasına son qoyublar. Özü də öküzlər əzmkar qələbə sayəsində buna nail olublar. Nadim Əmirinin qolu ilə yenik duruma düşən ev sahibləri Timo Vernerlə bərabərliyi yaxalayıblar. İkinci 45 dəqiqədə “Hoffenhaym”dan Sandro Vaqnerin qırmızı vərəqə alaraq meydandan qovulması və azlıqda qalması “Leptsiq”in işini asanlaşdırıb. Və final fitinə 13 dəqiqə qalmış Marsel Zabitser məhsuldar zərbə ilə komandasına qələbə qazandırıb. Bu qələbə ilə debütant Bavariyadan 3 xal geri qalmaqla turnir cədvəlində 2-ci pillədəki mövqeyini möhkəmləndirib.
Əvvəlki əzəmətinin axtarışında olan “Borussiya” Dortmund Maynts səfərində xal itirib. Qonaqlar oyuna fəal başlayıb startda Marko Roysla hesabı açan tərəf olsalar da, nəticəni sonadək qoruya bilməyiblər. Sona az qalmış ev sahiblərindən Danni Latza status-kvonu yaxalayıb. 1:1.
Almaniya Bundesliqası, 18-ci tur
Şalke - Ayntraxt 0:1
İnqoştadt - Hamburq 3:1
Leyptsiq - Hoffenhaym 2:1
Darmştadt - Köln 1:6
Volfsburq - Auqsburq 1:2
Verder - Bavariya 1:2
Bayer - Borussiya M 2:3
Frayburq - Herta 2:1
Maynts - Borussiya D 1:1
Azad Rəfi
- Baxış: 342