Yunanıstan – ən qədim insan məskənlərindən biridir. Ona görə də bu ölkə turistlərin daha çox üz tutduğu yerlərdəndir. 2016-cı ildə 24 milyondan çox tursit qəbul edən ölkənin əhalisi 11 milyondur. Bura dincəlmək üçün gələnlər arasında ilk üçlükdə almanlar, ingilislər, ruslar dayanır. Yunanıstan yeganə ölkədir ki, əhalisindən iki dəfə çox turist qəbul edir. Ölkədə 5000-dən çox otel var. Bu otellər 3, 4, 5 ulduzlu olmaqla, müxtəlif qiymətlərdə xidmətlər göstərir.
Yunanlar təbiətin qorunmasına xüsusi ilə diqqət edən millətdir. Küçədə gəzərkən və ya meşədə rastımıza çox az halda tullantı çıxa bilər. Yunanıstanda yüzlərlə ada var. Ölkənin çimərliklərindən 408-i təmizliyi ilə seçildiyindən və nümunəvi xidmət göstərildiyinə görə mavi çimərlik bayrağına layiq görülüb. Qumlu çimərliklərin uzunluğuna görə isə ölkə Avropada birinci yeri tutur. Ən gözəl çimərlik isə Zakinfdəki Navayo çimərliyi sayılır. Mikonos adasındakı Psaru çimərliyində dincəlməyi isə dünya ulduzları özlərinə borc bilirlər. Qanuna görə Yunanıstanda bütün çimərliklər ictimai və pulsuzdur. Sizə bütün şezlonqların məşğul olduğunu desələr, sahildə öz dəsmalınızın üstündə istədiyiniz qədər uzanıb günəş vannası qəbul edə bilərsiniz və heç kimin sizə mane olmaq hüququ yoxdur.
Yunanıstan arxeoloqlar üçün cənnətdir. Afinada arxeoloji qazıntılar istənilən başqa ölkədən daha çox aparılıb. Dünyanın ən böyük muzeylərindən bir neçəsi də Afinada yerləşir.
Şərab tanrısı Dionisin vətəninə gəlib, bu içkinin dadına baxmamaq əlbəttə ki, olmaz! Yunan şərabları dünyada çox məşhurdur. Ən geniş yayılmış və ucuz şərab Reçinadır. Bu şəraba şam ağaclarının qozaları orijinal dad verir. Yunanlar onu koka-kola ilə qarışdırıb tündlüyünü zəiflədirlər.
Dünyada ən məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Onun hazırlanmasında yeganə sirr - təzə tərəvəzlər, üstəgəl yaxşı zeytun yağıdır. Yunan salatını yol kənarındakı kafelər və bahalı restoranlar daxil olmaqla hər yerdə sifariş etmək olar. Digər məşhur yunan yeməkləri çaçiki, musaka və suvlakidir. Əgər stilli restoranda şam yeməyi istəyirsinizsə, onda Mikonos adasına yollanın. Psaru çimərliyindəki "Nammos” restoranı isə ölkənin ən dəbdəbəli məkanı sayılır. Yunan mətbəxində tərəvəz və zeytun yağından çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər də faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq mümkündür.
Ailə və dostluq məclisləri Yunanıstanda həmişə maraqlı diskussiyalarla müşayiət olunur. Ləziz təamlarla dolu masada müxtəlif mövzuda söhbətlərə yer verilir. Yunanlar bunu bir adət hesab edirlər. Onlar Sokratın fikirlərinə əsaslanaraq idda edirlər ki, həqiqət yalnız mübahisədə yaranar. Yolunuz Yunanıstana düşsə, bu adəti unutmayın.
Almaz İbrahimli
- Baxış: 687