"Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatın nəticələri müvafiq hökümət qurumlarına təkliflərin təqdim olunmasına imkan verib. Dövlətlə özəl sektor arasında dialoqun canlandırılması təklifin əsasıdır.
Afina Babayeva- Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə Regional nümayəndəliyinin rəhbəri: "MDB ölkələrində iqtisadi şura deyilən qurum var. Bu, Nazirlər Kabinetinin nəzdində olur. Yəni, dövlətin nəzarətində olur. Bu gün elə bir şuranın yaranması pis olmazdı. Çünki, bu, rəsmi dövlət səviyyəsində sahibkarların mənafeyini güdən, onların iqtisadi və siyasi mənafelərinə xidmət edən qurum olardı".
Ekpsertlər Azərbaycanda dövlətlə özəl sektor arasında dialoqun səviyyəsini qaldırmaq üçün ölkədə 2002-ci ildə yaradılan "Sahibkarlar Şurası"nın bərpasının tərəfdarıdır. Çünki, bu platforma vasitəsilə sahibkarlar öz sözlərini dövlət qurumlarına çox rahatlıqla çatdıracaqlarına əmindirlər. Bununla belə, sahibkarların ictimai iştirakçılığının artırılması ilə bağlı çox mühüm qanunvericilik aktları, Nazirlər Kabinetinin əsasnamə və qərarları qəbul olunub. Həmçinin, dövlət qurumlarının nəzdində iş adamları ilə birgə çalışan təşkilatlar yaranıb.
Afina Babayeva- Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə Regional nümayəndəliyinin rəhbəri: “ASK dövlət və biznes dialoqunun qurulmasında yeganə ən vacib subyektdir. Mən istəyərdim ki, bu dialoqun tərəfdaşları çox olsun. Başqa-başqa rakurslardan bu baxışlar müəyyənləşir. Orada da ortaya çıxan problemlərin həllinə kömək olur. Bu gün bir çox qurumlar bu dialoqun aparılmasında təmsil olunur. Ancaq bunların hamısı qeyri-dövlət strukturlarıdır. O cümlədən də, bizim qurum da ictimai birlik formasında fəaliyyət göstərir".
Ekspertlər biznes nümayəndələrinin qeyri-hökümət təşkilatları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında yaradılmalı olan ictimai şuralarda da təmsil olunmasını vacib sayır. Orada öz sözlərini deyib problemlərini çatdırmalıdırlar. Amma ən böyük platforma sahibkarlar şurası hesab edilə bilər. Qeyd olunan qurumun fəaliyyətinin bərpası ölkədə sahibkarlıqla bağlı hökumətin hərtərəfli məlumatlı olması üçün böyük əhəmiyyət kəsb edir.
Qalib Toğrul- İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri: "Kiçik sahibkarlığa dəstək layihəsi çərçivəsində tədqiqat aparmışıq. Həmin tədqiqatdan çıxan təkliflərimizi müvafiq hökümət qurumlarına- İqtisadiyyat Nazirliyinə, Prezident Aparatına təqdim etmişik. Təkliflər ondan ibarətdir ki, sahibkarlar şurasının işi daha da canlandırılmalıdır. İclasları əsasnamədə qeyd olunduğu kimi 2 aydan bir deyil, rübdə bir dəfə çağırılsa daha yaxşı olar. Eyni zamanda ictimai iştirakçılıq haqqında qanunun tələblərindən irəli gələrək mərkəzi icra orqanlarının yanında ictimai şuraların yaradılması sürətləndirilməlidir".
Qeyd olunan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Abbas Əliyev televiziyamıza şifahi şəkildə - "Sahibkarlar Şurası"nın canlandırlması ilə bağlı təklif araşdırılır. Hazırda nazirliyinin sisteminə daxil olan AzPROMO, Bakı Biznes Mərkəzi, Sahibkarlığa Kömək Milli Fondu və digər bu kimi qurumlar birbaşa sahibkarlarla əlaqəli şəkildə çalışır. Onların qarşılaşdığı hər hansı çətinlik isə Nazirliyin apellyasiya Şurasında araşdırılır” – cavabını aldıq. Nazirlik rəsmisi də dövlətlə özəl qurumlar arasındakı dialoqun ölkədə iqtisadi mühitin inkişafına təkan kimi qiymətləndirib.
Jalə Qurbanova
- Baxış: 811