Gənc cüdoçuların Avropa birinciliyində Azərbaycan yığmasının heyətində komanda yarışlarında uğur qazanan Gəncə idmançıları doğma şəhərə dönüb. Tatami ustaları İspaniyanın Malaqa şəhərində keçirilən yarışın gümüş medallarını qazanıblar.
Yığmanın imza atdığı tarixi uğurda Nizami yurdunun idmançılarının da əməyi az deyil. Komandanın tərkibində yer alan Gəncə cüdo məktəbinin 3 yetirməsi medal mübarizəsinə öz töhfəsini verib. 66 kq-da İlkin Babazadə, 100 kq-da Etibar Zeynalov və 100 kq+də Ayxan Cəfərov qitə birinciliyinin mükafatına sahib olub.
Fəxri kürsüyə aparan yolda komandamız 4 yığma ilə qarşılaşıb və rəqiblərindən yalnız birinə uduzub.
Ayxan Cəfərov- Avropa birinciliyinin komanda yarışınlarının gümüş mükafatçısı: “İlin əvvəlindən bu yarışa hazırlaşırdıq. Avropa birinciliyi çətin yarışdır, güclü keçir, burda ən yaxşı, tanınmış idmançılar iştirak edir. Biz gücümüzü sübut edərək finala çıxdıq. Hollandiya, Böyük Britaniya və Ukrayna idmançılarına finala kimi qalib gəldik. Finalda gürcülərə uduzduq”.
Gənc cüdoçuların gələn il dünya birinciliyində, bu il isə Avropa Kuboku və digər beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır.
Orxan Cəfərzadə
- Baxış: 1150