Braziliyada keçirilən 31-ci Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləş yarışlarında təmsil edən Toğrul Əsgərov son yarış günü Azərbaycanın aktivinə daha bir medal yazdırıb. 4 il öncə Londonda Olimpiya çempionu olan gənc pəhləvan Rioda eyni uğurun bir addımlığında büdrəyib.
4 ilin ən mötəbər yarışında Azərbaycanın əsas medal ümidlərindən sayılan Toğrul Əsgərov ona olan inamı doğruldaraq Cənubi Amerikada finala qədər bütün rəqiblərinin kürəyini yerə vurub. Həlledici mərhələdə gəncəli güləşçinin rəqibi rusiyalı idmançı Soslan Ramonov olub. Bu görüşdə isə Əsgərov 11:0 hesabıyla məğlub olaraq yarışı gümüş medalla tamamlayıb.
Ötən olimpiadada olduğu kimi bu il də əməkdaşlarımız final görüşünü Toğrulun ailəsi ilə birgə izləyib. Güləşçinin qızıl medal uğrundakı qarşılaşması həyəcanlı anlarla yadda qalıb. Həlledici görüşdən sonra idmançının ailə üzvləri fikirlərini bölüşüb.
İnarə Hüseynova- Toğrul Əsgərovun anası: "Mən hamıya təşəkkürümü bildirirəm. Toğrul hamının adını qaldırdı. Prezidentimiz də, icra başçımız da ona dəstək oldu. Mən bir ana kimi oğlumla fəxr edirəm".
İlkin Hüseynov- Toğrul Əsgərovun dayısı: "Toğrul Əsgərov 2012-ci ildə 19 yaşında Olimpiya çempionu olub, Avropa oyunlarının qalibi adını qazanıb. Bu olimpiadada az qalmışdı ki, çempion olsun. Bu, güləşdir, hər şey olur. Gümüş medal da böyük nailiyyətdir".
Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov da güləşçinin ailəsi ilə bərabər finalı izləyənlər arasında yer alıb. Mütəxəssis yetirməsinin çıxışını belə dəyərləndirib.
Elçin Zeynalov- Toğrul Əsgərovun şəxsi məşqçisi: "Sevindici haldır ki, Toğrul finala vəsiqə əldə etdi. Bu gəncəliləri, Azərbaycan xalqını, prezidentimizi çox sevindirdi. Toğrul birinci yerə də çıxa bilərdi. Lakin elə oldu ki, rəqibi ondan güclü oldu. Toğrul gümüş medal qazandı".
Toğrulun olimpiadadakı uğurunu şəhər əhalisi də canlı olaraq seyr edib. İdmansevərlər güləşçinin həlledici qarşılaşmasına Gəncənin baş meydanındakı böyük monitordan baxıblar.
Orxan Cəfərzadə
- Baxış: 1445