İsmayıllıda yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə 22-ci Azərbaycan çempionatı Gəncə idmançıları üçün uğurlu nəticələrlə əlamətdar olub.
Xüsusən də yarışda 2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri çıxışları ilə fərqləniblər. İdman məktəbi yarışa 5 idmançı ilə qatılıb. Kikboksinqin lou-kik versiyası üzrə gedən mübarizələrdə 2 saylı UGİM 40 komanda arasında 2-ci yerə layiq görülüb. 300-ə yaxın kikboksinqçinin qatıldığı yarışda İlqar Alıyevin yetirmələri 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla yüksək göstəriciyə imza atıb.
İlqar Alıyev- baş məşqçi: "Yarış hərzamankı kimi yüksək səviyyədə təşkil olunmuşdu. Yetirmələrim də birincilikdə layiqincə çıxış etdilər. Hər il olduğu kimi, bu dəfə də yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Çalışdım ki, idmançılarımız taktiki-texniki baxımdan digər uşaqlardan geri qalmasınlar. Şükürər olsun ki, çox yaxşı mübarizə apardılar".
Yeniyetmələrin birinciliyində 45 kq çəki dərəcəsində Hüseyn Əsgərov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Hüseyn Əsgərov- yarışın qalibi: "İlk döyüşüm MOİK idmançısına qarşı oldu. Ona tam üstünlüklə qalib gələrək, yarımfinal mərhələsinə adladım. Bu mərhələdə isə Ağsudan olan rəqibimi üstələyərək, həlledici tura vəsiqə qazandım. Final görüşümdə isə Samux kiqboksinqçisinə qalib gələrək, yarışın baş mükafatına sahib çıxıdm".
45 kq çəkidə mübarizə aparan digər idmançı - Həsən Əsgərov və 48-kq da Rəşad Rəhimov gümüş medalla kifayətlənməli olub.
Rəşad Rəhimov- gümüş mükafatçı: "Bu yarışa çox ciddi hazırlaşmışdım. Mənim çəkimdə 16 idmançı mübarizə aparırdı. İlk 3 döyüşümü qələbə ilə başa vuraraq, final mərhələsinə vəsiqə əldə etdim. Lakin həlledici döyüşdə Mingəçevir idmançısına cüzi fərqlə uduzaraq, gümüş mükafata sahib çıxdım".
Digər 2 idmançı - 45 kq çəkidə Elgün Alıyev və 60 kq-da mübarizə aparan Rauf Cəfərov yarışın bürünc mükafatını əldə ediblər.
Hidayət Şahin
- Baxış: 482