Futbolun bəzəyi qoldursa, stadiona naxış vuran azarkeşlərdir. Bu tək futbolda belə deyil. Digər idman növlərində də azarkeş amili əsasdır.
İdmanı azarkeşsiz təsəvvür etmək qeyri-mümkündü. Bu boş oturacaqları dolduran da məhz böyük fanat ordusudur. Azarkeşlərin komandalarımıza dəstəyi ölkə daxili yarışlarla yanaşı, beynəlxalq arenalarda da vacib məsələdir.
Azərbaycandan kənarda, xüsusən də Avropada yaşayan, çalışan və ya təhsil alan həmyerlilərimiz mütəmadi olaraq fərdi və kollektiv idman növləri üzrə yarışlarda təmsilçilərimizi tək buraxmırlar. Əvvəllər pərakəndə halda komandalarımızı tribunadan dəstəkləyən azarkeşlər artıq bir ad altında birləşiblər. Müxtəlif fan klubların üzvləri bir araya gələrək “Milli dəstə” azad azarkeş qrupunu yaradıblar. Hollandiyada yaşayan gəncəli tələbə Şamil Mustafayev bu qrupun 3 təsisçisindən biridir.
Ötən aydan fəaliyyətə başlayan azarkeş qrupunun beynəlxalq arenada debütü futzal millimizin Hollandiya ilə qarşılaşmasında olub. “Milli dəstə”nin planlarına futbol klublarımız və yığmalarımızın Avropanın müxtəlif ölkələrində keçirdiyi turnirlər, həmçinin digər idman növləri üzrə yarışlar da daxildir.
“Milli dəstə”nin üzvləri artıq yeni futbol mövsüm hazırlıqlarına da başlayıb. Azad azarkeş qrupu avrokuboklarda çıxış edəcək komandalarımıza dəstək olmaq üçün indidən baner və plakatlar hazırlayırlar. "Kəpəz"in qitə miqyaslı turnirlərdə iştirakı reallaşarsa, “Milli dəstə” Gəncə klubunu Avropa səfərində azarkeşsiz qoymayacaq.
Şamil Mutafayev - Milli Dəstə Azad azarkeş qrupunun üzvü: "Yekdilliklə bütün idarə heyəti razılaşdı ki, "Kəpəz" oynayarsa gedib dəstək olacağıq. Ümumiyyətlə, bütün klubları dəstəkləyəcəyik. Sadəcə "Kəpəz" bizə doğma olduğu üçün mütləq komandanın oyunlarına gedəcəyik. "Kəpəz" 1-ci təsnifat mərhələsindən başladığı üçün daha uzaq yerlərə məsələn, Sloveniya, Slovakiya və ya Balkan ölkələrinə düşə bilər. Amma yenə də bu bizə problem deyil".
"Milli dəstə" azad azarkeş qrupu bir ilki reallaşdırmaqla idman tariximizin Avropa səhifəsində yeni yolun başlanğıcını qoyub.
Orxan Cəfərzadə
- Baxış: 1130