• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 08.01.2016 19:24

Ölkədə bir neçə qətl hadisəsi qeydə alınıb

Paytaxtda daha iki qətl hadisəsi qeydə alınıb. Hövsan qəsəbəsində 52 yaşlı kişi öz evində, Nizami rayonunda gənc oğlan kirayədə qaldığı mənzildə öldürülüb. Bərdədə isə ailə faciəsi yaşanıb.

Hövsan qəsəbəsi «Hövsan bağları» adlanan ərazidəki bağ evlərindən birində qəsəbə sakini 52 yaşlı Qalib Bağırovun üzərində bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları araşdırmalarа başlayıblar. Məlum olub ki, Qalib Bağırova 3 bıçaq xəsarəti yetirilib. Qonşuların sözlərinə görə, mərhumun heç kəslə ədavəti olmayıb.

Qətlə yetirilən şəxsin taxıl kombinatının direktoru olduğu bildirilir.

Nizami rayonunda törədilən qətlin bəzi təfərrüatları bilinib. Məlum olub ki, rayonun Rüstəm Rüstəmov küçəsi 4, mənzil 46 ünvanında baş verən hadisədə öldürülən Fərid Abbasov həmin evdə kirayədə yaşayırmış. Hələlik qətlin hansı şəraitdə törədildiyi məlum deyil. Qonşuların sözlərinə görə,  mərhumu heç vaxt həyətdə görməyiblər. Hazırda hadisənin baş vermə səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bərdədə isə ər arvadını öldürüb. Hadisə rayonun  Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı yuxuda olarkən bıçaqlayıb. Zərbələrdən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digəri isə döş qəfəsinin sağ hissəsinə dəyib. Hadisə törədilən zaman Zülfüqar Rəhimovun valideynləri də evdə olub. Onlar kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıblar. Çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb. Zülfüqar Rəhimov hadisə yerindən qaçıb. Lakin, o  valideynləri tərəfindən tutularaq polisə təhvil verilib. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimov əsəb xəstəsidir. Ailənin 3 azyaşlı övladı var. 

Hər üç faktla bağlı  cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Vüsalə Camal