Axtarışda olsa da, evlərdən silsilə oğurluq edib. Lakin, polis bu dırnaqarası qəhrəmanı həbs edib. Daha bir cinayətdə isə, 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakıya iş axtarışı üçün gələn 38 yaşlı Lerik rayon sakini Fərman Məlikov, sozün əsl mənasındə başına iş açıb. Sabunçu rayonu, Ramana qəsəbəsindəki qohumlarına sığınan Fərman, Şuşa şəhərciyi kimi tanınan ərazidə oğurluq etməyə başlayıb. Evlərin boş olduğuna əmin olan Məlikov, içəri keçərək əlinə keçəni aparıb. Əsasən məişət əşyalarına üstünlük verən Fərmanın oğurluq əməlinin üstünü 12-ci polis bölməsinin əməliyyatçıları açıb. Keçirilən əməliyyatla saxlanılan Fərmanın ətrafında aparılan araşdırmalar onun silsilə oğurluqlarının üstünü açıb. Bundan əlavə onun keçmişi ilə bağlı da bir neçə maraqlı məqamlar üzə çıxıb. Bahalı daş-qaşla bəzədilmiş əşyalardan tutmuş, məişət texnikası və paltarlara kimi oğurlayan Fərman, onların bir çoxunu satmağa da müvvəfəq olub. Fərmanın oğurluqları içərisində peşəkarlıqla hazırladığı plan, mətbəx mebelinin satışı ilə bağlı olub. Soxulduğu evdə mebeli görən saxlanılan şəxs, ona müştəri tapıb və öz şəxsi əşyası kimi təqdim edib.
Sabunçu rayonunda da oğurluq hadisəsi baş verib. Naməlum şəxslər evdən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində baş verib. Naməlum şəxslər Həsən Həsənova məxsus evə pəncərəni qıraraq daxil olub. Oğrular evdə axtarışlar aparıblar. Ev sahibinin qohumu Südabə Məmmədovanın sözlərinə görə, oğrular evdə olan bütün qiymətli əşyaları aparıblar. Oğurluq barədə polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları müayinələr aparıb, əl-barmaq izləri götürüblər.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
İlham Məmmədzadə
- Baxış: 1158