Prezident: Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan- Latviya biznes forumunda çıxış edib. Dövlət başçısı bildirib ki, Avropa Komissiyası Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirir və əməkdaşlıq genişlənir. Ölkə artıq neftlə yanaşı, qaz, elektrik enerjisi və neft-kimya məhsulları ixrac edir, gələcəkdə isə “yaşıl enerji” ixracı planlaşdırılır. Prezident qeyd edib ki, 2032-ci ilə qədər 8 qiqavatlıq bərpaolunan enerji gücünün yaradılması hədəflənir. Bu, daxili qaz istehlakını azaltmağa və ixrac imkanlarını artırmağa şərait yaradacaq. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 ölkəsinə, ümumilikdə isə 16 ölkəyə ixrac olunur. Təchizat coğrafiyasına görə Azərbaycan dünyada ön sıralardadır.Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya qoyulub. Prezident əlavə edib ki, ölkəmizdə investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir.Dövlət başçısı həmçinin Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib. Qeyd edib ki, kənd təsərrüfatı, turizm və su ehtiyatlarının idarə olunması sahələrində regionlarda geniş biznes imkanları mövcuddur və bu istiqamətlər Latviya investorları üçün də cəlbedici ola bilər.
- Baxış: 69
