Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.04.2026 10:23

Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bəyan edib. Bakıdakı Azərbaycan-Latviya biznes forumunda çıxış edən Rinkeviçs bildirib ki, Latviya ticari əlaqələri dərinləşdirmək və yeni əməkdaşlıq istiqamətləri tapmaq niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan Latviya üçün regionda əsas və etibarlı ticarət tərəfdaşlarından biridir. Latviya Prezidenti iki ölkə arasında tarixi və mədəni əlaqələrin də güclü olduğunu vurğulayıb, XIX əsrin sonlarından etibarən latviyalı mütəxəssislərin Bakıda fəaliyyət göstərdiyini xatırladıb. O, həmçinin geosiyasi qeyri-müəyyənlik fonunda etibarlı tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunu bildirib. Rinkeviçs Bakıda Ağ Şəhər layihəsini də yüksək qiymətləndirərək bunun Azərbaycanın inkişaf potensialını nümayiş etdirdiyini deyib.