• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1907
— 23.08.2024 18:56

Ermənistanın silahlandırılması nədən xəbər verir?

KepezTV Player

Azərbaycanla müharibə başa çatdıqdan sonra Ermənistanda anti-Rusiya hərəkatına start verilib və haylar başda Fransa olmaqla bir neçə dövlət tərəfindən silahlandırılmağa başlanılıb. Bu proses son aylar daha geniş vüsət alıb. Xüsusilə də firənglərin bu yöndə canfəşanlığı əbəs yerə deyil, onlar öz qayəsi üçün bu təşəbbüskarlığı edir.

Tural İsmayılov - siyasi şərhçi : Fransa zəif və gücsüz Ermənistanı özünün Qafqaz və bütövlükdə Asiya ilə bağlı planlarında zəif bir halqa hesab edir. Ona görə də daim Ermənistanı silahlandıraraq orada dövlətçilik elementlərini gücləndirməyə çalışır. Əsas məqsəd də ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasındakı sülhü əngəlləsinlər və  Ermənistanla Azərbaycan arasında yeni müharibə yaratsınlar.

Fransa və Hindistan silahlandırma prosesində ən çox adları çəkilən ölkələr olsa da, daşınmada ərazisindən istifadə edilən İran da bu işdə rol oynayır. Region üçün xoşagəlməz hal olan bu addımların dövlətlər üçün ayrı-ayrı əhəmiyyətləri var.

Elxan Şahinoğlu - siyasi şərhçi : Fransa üçün Ermənistana texnika satışı geosiyasi əhəmiyyət daşıyır. Paris Ermənistanı hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Hinsistanın Ermənistana hərbi texnika satması əsasən iqtisadi amillə bağlıdır. Hindistan hərbi sənaye kompleksini inkişaf etdirməyə çalışır, ixracat xeyli artıb, onlarla ölkəyə silah satır. Həm də Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Maraqlısı odur ki, Ermənistan silahlandırmada əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın göndərdiyi silah və texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır.

Son bir neçə həftədə Ermənistana Fransa tərəfindən 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi, onlarla R511 və R530 hava-hava raketləri, tank əleyhinə idarəolunan raketlər, eyni zamanda 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri göndərilib. Bundan başqa erməni ordusu ilk dəfə alman istehsalı DM32 qumbaraatanları, “Bunkerfaust” və “Panzerfaust” tank əleyhinə raket sistemləri, həmçinin 50 ədəd ABŞ-nin BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib. Rusiyadan alınan su 30 qırıcılarına raketlərin modifikasiya olunması işini isə hindistanlı mütəxəssislər yerinə yetirəcək. Bəs bu silahlar nə qədər təhlükəlidirlər?

Ədalət Verdiyev - hərbi ekspert : Ermənistana bu dəfə verilən silahlar növləri kifayət qədər müxtəlifdir. Əsas silahlardan olan sezar haubitsaları 40 km məsafədə hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Fransanın Ermənistana verdiyi silahlar arasında tank əleyhinə raket kompleskləri və birdəfəlik reaktiv qumbaraatanlar yer alır ki, düşmənin müxtəlif məsafələrdə sirehli vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Hərbi ekspert ermənilərə verilən silahların beynəlxalq qaydalara zidd formada göndərildiyini deyib. Belə hal isə qaçalmaqçılıq hesab edilir.

Ədalət Verdiyev - hərbi ekspert : Bu silahları göndərən tərəf də, qəbul edən tərəf də BMT silahlar registrinə məlumat verməliydilər. Bu məlumatların heç biri qeyd olunmayıb. Bu isə bir daha onu deməyə əsas verir ki, qərb Ermənistanı qaçalmaçılıq yolu ilə silahlandırır. Bu metoddan isə heç bir normal dövlət istifadə etmir. Bundan daha çox Əl-Qaidə, Əş-Şabi, Hizbullah, Həmas, Asala kimi müxtəlif silahlı birləşmələr istifadə edir.

Politoloqların fikrincə Azərbaycan da bu istiqamətdə hərəkətə keçərək hərbi sənayesini inkişaf etdirməli və arsenalına yeni silahlar əlavə etməlidir.

Elxan Şahinoğlu - siyasi şərhçi : Rəsmi Bakı Ermənistanın silahlandırılmasını bölgədə yeni münaqişəyə səbəb olacağını daima bildirib. Xarici İşlər Nazirliyi bəyanatlar da verib. Çünki Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmasa da, Bu İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmır. Belə vəziyyətdə mən düşünürəm ki, Azərbaycan hərbi sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir silahların alışına və birgə istehsalına diqqəti artırmalıdır. Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlandıqdan sonra bəlkə yavaşlaya bilər.

İstənilən halda ərazilərimizə qarşı hər hansı təcavüz olunarsa rəsmi Bakı dərhal adekvat cavab verməyə qadirdir. Ordumuz qarşı tərəfə hər şeyə hazır olduğunu son günlər keçirdiyi döyüş atışlı hərbi təlimlərlə də mesaj verib. Xülasə, silahlanaraq arxasını güclü dövlətlərə söykədiyi zənn edən ermənilər yeni təxribatlar törədəcəkləri halda daha ağır nəticələrlə üzləşəcəklər.