• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 19.08.2024 20:06

“Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanan idmançı qarşılanıb

KepezTV Player

Hələ Paris olimpiadası öncəsi Həsrət Cəfərovun medal qazanmaq şansları yüksək qiymətləndirilirdi. Mütəxəssislər və güləşsevərlər ondan yüksək nəticə gözləyirdi ki, sonda da belə oldu. Cəfərov ilk dəfə iştirak etdiyi 4 illiyin ən böyük yarışından vətənə əliboş dönmədi. Qazandığı uğurdan dolayı idmançının doğma rayonuna gəlişi çoşğuya səbəb olub. Onu yaxınları, eləcə də Goranboyun idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Həsrət Cəfərovun əldə etdiyi nailiyyət yüksək qiymətləndirilərək, ona gələcək yarışlarda uğurlar arzulanıb.

Həsrət Cəfərov- Olimpiadanın bürünc medalçısı: “Bildiyiniz kimi Parisdə keçirilən olimpiadada 3-cü yerə çıxdım. Ora qızıl üçün getmişdim. Amma şükür ki, vətənə medalsız dönmədik. Çox əziyyət çəkmişdik həmin yarışa, çox təlim-məşq prosesi keçmişdik. Özümü yaxşı hiss edirdim. Hər şey yolunda gedirdi. Amma yarımfinal görüşündə hakimlərlə bağlı bir az problemlər oldu. Həm də qarşı idmançının bir az çirkin güləşməsi güləşimə mane oldu. Amma şükür ki, bayrağımızı ucalara qaldırdıq.

Valeh Cəfərov- Həsrət Cəfərovun atası: “12-13 yaşından kəndimizdə idmana başlayıb. Sonra getdi zona yarışında yer tutdu. Sonra da respublika çempionu olubdur. Sonra getdi Bakıya - Respublika İdman Liseyində davam elədi. Sonra da yığma komandamızda iştirak elədi. İndi daha nailiyyətləri davam edir. Biz qızıl gözləyirdik. Buna da şükür edirik ki, əziyyəti yerdə qalmadı”.

22 yaşlı idmançı son iki ildə özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Ötən il və bu il Avropa çempionatının qalibi olub. 2023-cü ildə keçirilən dünya çempionatının gümüş medalına sahiblənib. Qazandığı nəticələrə əsasən, Paris Olimpiadasına lisenziya əldə edib.

Bayram Bayramov- Həsrət Cəfərovun şəxsi məşqçisi: 4 il yarım mən onun şəxsi məşqçisi olmuşam. Mənim yanımda olarkən dəfələrlə azyaşlıların respublika çempionu olub. Və axırıncı yarışda çempion olandan sonra onu göndərdim Olimpiya İdman Liseyinə. Orda da çalışdı, gənclərin Avropa çempionu oldu, yeniyetmələrin dünya çempionu oldu. Axırıncı olimpiadadan qabaq Avropa çempionu oldu və dünya ikincisi oldu. Axırıncı yarışında da bütün federasiya, bütün respublika ondan qızıl medal gözləyirdik. Çox təəssüflər olsun ki, o qızıla qismət olmadı. Amma qızıl qədər dəyərli oldu. Çünki yunan-Roma güləşindən yeganə idmançı Həsrət Cəfərovdur ki, əliboş qayıtmadı”.

Elçin Yusibov- Goranboy rayon UGİŞM-nin direktoru: “Bizim hamımızın fəxrimizdir ki, Azərbaycanı təmsil edən 7 idmançıdan 2-i azərbaycanlıdır. Onun biri Göyçaylı, biri Goranboyludur. Biz ona görə öz idmançımız ilə fəxr edirik və bütün bizim burdakı əməkdar və güləş məşqçilərinin adından söz veririk ki, növbəti yarışlarda da Goranboy həmişə öndə olacaqdır”.

Həsrət Cəfərovun son uğuru da dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Ona Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pul mükafatı təyin edilib və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.