Gəncədən olan 7 idmançı 17-23 iyul tarixində Türkiyənin Edirne şəhərində keçirilən açıq Balkan çempionatı və Avrasiya kubokundan vətənə mükafatla qayıdıblar. İdman tədbirində ümumilikdə ölkəmizi 21 idmançı, 1 məşqçi və 1 hakim təmsil edib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndələri müxtəlif əyarlı 7 medal qazanan idmançılarla keçirdikləri görüşdə uşu-sandaçıların əldə etdikləri uğurların önəmindən danışıblar. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonra mükafatçılara təşəkkürnamələr təqdim edilib.
İlqar Alıyev- Əməkdar məşqçi: “Mən inanırdım. Demək olar hər gün səhər-axşam məşq edirdik. Ona görə inanırdım. Çox güclü yarış idi. 2-3 dövlətdən 1100 idmançı iştirak edirdi. 1100 idmançı arasında medal götürmək də çox çətin idi. Mən hər birini uğurlarına görə təbrik edirəm. İnanıram ki, gələcəkdə də dünya, Avropa yarışlarında da şəhərimizə başucalığı gətirəcəklər”.
Fəxri Namazlı- Respublika dərəcəli hakim: “Hakim olaraq həm ölkəmizi, həm də şəhərimizi mən təmsil edirdim. Ümumilikdə 6 qat Avropa çempionu Elçin Eminovun rəhbərliyində bu yarışa qatılmışdıq. Ümumilikdə idmançılarımız çox gözəl şəkildə iştirak etdilər və sonda nailiyyətləri çox gözəl olduğuna görə, komanda döyüşlərinə də dəvət aldıq. Komanda döyüşlərində idmançılarımız 23 dövlət içində ölkəmizi 1-ci yerə çıxardı”.
- Baxış: 1645