"Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır". Bunu Xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə birgə keçirilən mətbuat konfransında deyib. Ceyhun Bayramov bildirib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün təhsil proqramı mövcuddur və artıq Somalidən olan bir sıra gənclər bundan faydalanıb. Nazir Somalidən olan həmkarını Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində gedən danışıqlar barədə də məlumatlandırıb. Əhməd Moallim Fiqi öz növbəsində deyib ki, ölkəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır. Bu il Azərbaycanla Somali arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi qeyd edilir.
Ceyhun Bayramov- xarici işlər naziri: “Biz eyni zamanda iki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Hesab edirik ki, burada kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sektoru, alternativ enerji istehsalı, humanitar sahə, təhsil sahələrində çox böyük perspektivlər var. Somali hər zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib, bu, həm 44 günlük Vətən müharibəsindən öncə, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə və 2020-ci ildən sonrakı müddət ərzində biz hər zaman Somalinin Azərbaycanın ərazi bütövlüyü suverenliyinə dəstəyini görmüşük və buna görə bu gün də bu fürsətdən istifadə edərək, minnətdarlığımı bildirmək istərdim”.
Əhməd Moallim Fiqi- Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: “Bu gün biz ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə etdik. COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edirik. Biz COP29-a uğurla ev sahibliyi etməsi və bu konfransda qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyə hazırıq”.
Vüsalə Cənnətova
- Baxış: 331