Ölkəmizdə bir ilk olan və Gəncədə inşa olunan Ekoloji Park Kompleksinə hər ötən gün maraq göstərənlərin sayı artır. Fərqli dizayn, yaşıl məkan və istirahət üçün yaradılan şərait buraya gələnlər üçün asudə vaxtı səmərəli keçirməyə imkan verir.
Gəncəçayın sağ sahilində layihələndirilən Ekoloji Park layihəsi 11 hektar ərazini əhatə edir. Kompleks Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində salınıb. Ərazidə tikilən 2 mərtəbəli oranjereya binası 22 metr hündürlükdədir. Artıq sakinlərin istifadəsinə verilən kompleksdə istirahət guşələri və iaşə obyektləri fəaliyyət göstərir.
İlqar Əsədov- MKTİB-nin rəis müavini: “Dünyanın müxtəlif ölkələrindən 7 növ ağac, 8 növ kol, 9 növ kaktust bitkiləri, eyni zamanda 16 növ gül-çiçək növləri gətirilərək əkilmişdir. Uzun müddətdir burada aqrotexniki qulluq göstərilir. Mərkəzləşmiş suvarma, eyni zamanda havalandırma sistemi qurulmuşdur ki, bu bitkilərin hansı temperaturda inkişaf etməsi nəzərdə tutulmuşdur. Məqsədimiz Gəncə şəhər sakinlərinin və şəhərə gələn qonaqların istirahətinin daha mənalı və şən keçməsini təşkil etmək, şəhər əhalisinin buraya diqqətini cəlb etməkdir”.
Ekoloji parkın ərazisində çəkilən yollar, avtomobil dayanacağı, işıqlandırma sistemi bura gələnlərin rahatlığı üçün nəzərdə tutulub.
İradə Mustafayeva- ziyarətçi: “2 gün bundan qabaq da bura gəlmişdik. Qəşəng şəkillər çəkdirdik, gəzdik. Uşaqlar da digər tərəfdə oturdular, yedilər-içdilər. Çox razı qaldıq. Bu gün də bacımı gətirmişəm. Belə yerlər beyini rahatlaşdırır, adam dincəlir”.
Ziyarətçi: “Biz Gəncəyə yeni gəlmişdik. Eşitdik ki, belə bir məkan var. Uşaqları da gətirdik. Burada gözəl güllər, cürbəcür ağaclar var. Baxdıq, şəkil çəkdirdik. Belə məkanlar çox olsa yaxşı olar, gəzməli yerlərimiz çox olar”.
Qarşıdakı dövrdə Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması planlaşdırılır.
İlqar Əsədov- MKTİB-nin rəis müavini: “Biz şad oluruq ki, yaradılmış bu Ekoloji Park Kompleksinə şəhər sakinlərinin axını davam edir. Günün istənilən vaxtında və axşam saatlarında burada istirahət etməyə yer olmur. Bu ərazinin Göygöl istiqamətində genişləndirilməsi nəzərdə tutulur. Burada əlavə istirahət, əyləncə mərkəzlərinin və digər istirahət ocaqlarının yaradılması nəzərdə tutulmuşdur”.
Gəncədə ümumilikdə 14 park və istirahət güşəsi var.
Aişə Rzayeva
- Baxış: 331