Gəncəli qadın güləşçi Gültəkin Şirinova dünya çempiotında iştirak edəcək. Xanım idmançı mundialda qalib olmağı qarşısına məqsəd qoyub.
Gültəkin son 4-5 ildə əldə etdiyi nailiyyətlərlə önə çıxaraq milli komandanın əvəzedilməz simalarından birinə çevrilib. Demək olar ki, əksər yarışlarda yığmanın heyətində yer alan Nizami yurdunun yetirməsi qatıldığı turnirlərin çoxunda fəxri kürsüdə yer alıb. Son olaraq Rusiyada təşkil edilən beynəlxalq multi-idman oyunlarında xalça üzərinə çıxan Gültəkin Şirinova 55 kq çəkidə bürünc medala yiyələnib. Dünya çempionatı isə onun üçün daha məsuliyyətli yarışdır. Şirinova, 23 yaşadək güləşçilərin mundinalından qızıl medalla geri dönməyi düşünür.
Gültəkin Şirinova- güləşçi: “Dünya çempionatına tam başqa cür hazırlaşacağıq. Oradan qızıl medalla dönmək fikrim var. Ola bilsin orada 53 kq-da çıxış etdim. Hələlik dəqiqləşməyib. 53 kq-da güləşsəm daha yaxşı olar. Çünki bu çəkidə rəqiblərimi tanıyıram. Yaxşı hazırlaşaraq vətənə qızıl medalla qayıtmağı arzulayıram”.
İdmançının şəxsi məşqçisi Mehmen Allahverdiyev yetirməsinə böyük ümidlər bəsləyir. Çalışdırıcı Gültəkindən nəinki dünya çempionatında, gələcəkdəki bütün mötəbər turnirlərdə uğur qazanmasını gözləyir.
Mehman Allahverdiyev- Əməkdar məşqçi: “Ölkədə 3-4 yaxşı qadın güləşçi varsa, onlardan ikisi gəncəlidir, birincisi də Gültəkindir ki, ondan gələn Olimpiya tsiklində mən və yığma komandanın baş məşqçisi, həmyerlimiz Toğrul Əsgərov da medal gözləyir. Güləşsevərlər, qadın idmanında Gültəkinin azarkeşləri də ondan medal gözləyirlər. Dünya çempionatında da şəxsi məşqçisi kimi Gültəkindən medal gözləyirəm. Buna da vaxt var. Cüzi səhvlərimiz üzərində işləyib, yarışdan qızıl medalla qayıtmağı qarşımıza məqsəd qoymuşuq”.
Gültəkin Şirinova Albaniyanın paytaxtı Tiranada keçiriləcək 23 yaşadək güləşçilərin dünya çempionatında iştirak edəcək. Oktyabrda baş tutacaq bu yarışdan 3-4 gün sonra isə xanım pəhləvan böyüklərin dünya çempionatına qatılacaq.
Orxan Cəfərzadə
- Baxış: 1067