Yay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Anormal istilərin isə insanlara, ələlxüsus da açıq havada günü keçənlərə təsiri arzuolunan deyil. Günvurma kimi halların yaşanmaması üçün məsləhətlərə əməl etməkdə fayda var.
Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. Çünki istilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman bədən tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.
Amil Rəhimli- həkim: “Bizə də yay vaxtı günvurma ilə müraciət edən xəstələrin sayı çoxalır. Əsasən xəstələr bizə yay vaxtı hansı şikayətlərlə müraciət edir? Biz günvurmanı bir neçə mərhələyə bölürük. İlkin mərhələdə xəstələrdə çox ciddi şikayətlər olmur. Bir az baş dönmələri, ürəkbulanmalar, halsızlıq ola bilir. Şikayətlər bununla başlayır. Əgər xəstə gün altında çox qalırsa, bu saydığım şikayətlər daha ciddiləşir, bir yerdən sonra bayılma, hətta xəstə huşunu itirib, yıxıla bilər. Həmin vaxtı təzyiqdə oynamalar ola bilər. Əgər müdaxilə edilməzsə, durum daha da ciddiləşər və xəstələr bizə daha ağır vəziyyətlərdə gələ bilər”.
Həkimlər deyir ki, günün saat 11-17 aralığında günəş altında mümkün qədər az olaraq, aktiv şüalardan qaçmaq lazımdır. Günvurma fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinir.
Günvurma zamanı su içilməməsi bu vəziyyəti daha da ciddiləşdirə bilər.
Amil Rəhimli- həkim: “İlk fürsətdə kölgəyə çəkilmək lazımdır. Və ya əlində su varsa onu içməlidir, yoxdursa yaxındakı insaları könəyə çağırmalıdır. Boynunun və ayağının altına nəsə qoymalıdır ki, yuxarı qalxsın. Yenə də düzəlmə olmursa mütləq ya təcili yardıma ya da həkimə müaciət etməlidir. Bu müdaxilələr vaxtında edilməzsə xəstələr daha ciddi problemlərlə qarşılaşa bilər. Məsləhətimiz budur ki, xəstə insanlar günün aktiv isti vaxtlarında çölə çıxmasınlar. Çıxmaq məcburiyyətində qalırlarsa, mütləq kölgə ilə hərəkət etsinlər”.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, qoruyucu eynək və şapkalar taxmaq, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Aişə Rzayeva
- Baxış: 347