• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 16.07.2024 17:03

Bağçalara yer tapmayan valideynlərin aqibəti necə olur?

KepezTV Player

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanılıb. Uşaqların qəbulu elektron qaydada www.bq.edu.az sistemi vasitəsilə aparılır. Qeydiyyatdan sonra isə uşaqların bağçaya növbəyə yazılma prosesi Regional Təhsil İdarələri üzrə iyulun 19-u başlayacaq. Bəs bağçalara yer tapmayan valideynlərin aqibəti necə olacaq?

Bu gündən uşaqlarına bağça axtarışına çıxanlar üçün yeni dönəm başlayıb. Başlayan qeydiyyat prosesi bağçaya qəbul olan üçün ilk addımdır. Özü də yenilik də var. 

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv olacaq. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər”.

Ehtimal ki, əvvəlki illərdə olduğu kimi bu il bağçalar üzrə yer sayı tələb olunandan az olacaq. Bu isə valideynlərin qayğılarını artırmaqla uşaqların da belə müəssisələrdən kənar qalması anlamına gəlir.

Şahin Rzayev- valideyn: “Oğlumun 3 yaşı var. Bağçaya görə qeydiyyatdan keçirmişdik. Amma deyilir ki, sıra sizə gələnə kimi gözləyin, yerlər hələ boş deyil. Evimizə yaxın olduğu üçün o bağçaya qeydiyyatdan keçmişdik, amma düşə bilmirik”.

Turanə Şirinova- valideyn: “Mənim qızımın 4 yaşı var. Bağçadan qeydiyyatdan keçirmişdik. Ancaq bizim istədiyimiz qrupda yer olmadığına görə dedilər hələ gözləmədəsiniz. Biz də ona görə uşağı məcburi özəl bağçaya qoymalı olduq. Ümid edirəm, budəfəki qeydiyyat prosesində qızım gözləmədə olduğumuz qrupa düşər”.

Bu o zaman baş verə bilər ki, bağçalar üzrə boş yerlər yaransın və növbəlilik gözlənilməklə sıradakı uşağın qəbulu aparılsın. Proses isə il ərzində davam edir. 

Təyyubə Musayeva- 32 saylı körpələr evi-uşaq bağçasının müdiri: “Yerlər dolandan, portal dolandan sonra valideynlər müraciət edirdi ki, uşaqlarını bağçaya yerləşdirərlidilər. Ancaq biz onlara izah edirik ki, yerlər dolandan sonra bu, biz tərəfdən qeyri-mümkündür. Yönləndiririk “ASAN xidmət”ə ki, yenə də qeydiyyata düşsünlər, növbəyə yazılsınlar. Əgər il ərzində qruplardan kimsə çıxarsa, avtomatik olaraq növbədə olan uşaq həmin qrupa düşür”.

Bu il Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqə elan edilib. Belə ki, dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi gözlənilir. Aylıq ödənişin bir hissəsi qrant vasitə hesabına ödənilməklə. 

Aişə Rzayeva