10 gün sonra Paris-2024 Yay Olimpiya Oyunlarına start veriləcək. Dördilliyin ən mötəbər yarışında Azərbaycan idmançıları da iştirak edəcəklər ki, onların arasında qərb bölgəsini təmsil edənlər də yer alacaq. Söhbət güləşçilərdən gedir.
Olimpiadada sərbəst güləş yarışlarında çıxış edəcək millinin üzvlərindən 74 kq çəkidə Turan Bayramov Gəncə güləş məktəbinin yetirməsidir. Gənc pəhləvan daha əvvəl Tokio olimpiadasına qatılmaqla təcrübəyə sahibdir. Olimpiya çempionu Toğrul Əsgərovun davamçısı olaraq görülən Turana ümidlər böyükdür. Ötən olimpiadadan fərqli budəfəki yarışa daha iddialı şəkildə yollanan güləşçi çempionluq arzusundadır.
Turan Bayramov- güləşçi: “Mən Gəncə güləş məktəbinin yetirməsiyəm. Gəncə güləş məktəbi elə bir məktəbdir ki, buradan Azərbaycanın ilk dünya çempionu, ən gənc Olimpiya çempionu çıxıb. Burada artıq idmanın pikləri yaşanıb. Mənim üçün bu, ikiqat məsuliyyətdir. Çünki mən onlara çatmaq istəyirəmsə ən azı iki dəfə Olimpiya çempionu olmalıyam. Çempionluğun ilkini Parisdə yaşamaq istəyirəm. İstəyirəm ki, Gəncə güləş məktəbi həmişə sözünü dediyi kimi, bu yay olimpiya oyunlarında da sözünü deməyi bacarsın. Buna görə də əlimdən gələni edirəm. İnanıram ki, mən Olimpiya çempionu olduqdan sonra necə ki mən, Toğrul Əsgərovdan baxıb stimul aldım və Olimpiya oyunlarına lisenziya qazandım, gənclər də mənə baxaraq daha sonrakı Olimpiya oyunlarında iştirak edəcəklər”.
Qərb bölgəsində yetişən digər olimpiyaçımız Həsrət Cəfərovdur. Goranboydan olan idmançı Parisdə yunan-Roma növündə 67 kq çəkidə millimizin şərəfini qoruyacaq. Turan Bayramovdan fərqli Həsrət olimpiadada debüt edəcək. Çempionluğa ən real namizədlərdən olan Cəfərov regiona klassik növdə ilk mükafatı gətirməyi hədəfləyib.
Həsrət Cəfərov- güləşçi: “İlk olimpiadamdır. Mən də qərb bögəsini təmsil edirəm, eyni zamanda əlbəttə ki, ümumi Azərbaycanı təmsil edirik. İnşallah, ən yaxşı nəticəni verib, xalqımızı sevindirərik. Hər bir güləşçinin arzusudur ki, olimpiadada qızıl medal qazansın. Mənim də güləşçi kimi arzumdur ki, ən yaxşı şəkildə Azərbaycanı təmsil edim. Qərb bölgəsindən də bilirsiniz ki, yunan-Roma güləşindən medal verən olmayıb. İstəyərəm ki, bu ilkə imza atım”.
Fransada Azərbaycanın 12 güləşçisi xalça üzərinə çıxacaq. Bunlardan 6-sı sərbəst, 5-i yunan-Roma, 1-i isə qadın güləşində olacaq. Ümumilikdə isə 15 növdə 50-yə yaxın idmançı ölkəmizi təmsil edəcək.
Orxan Cəfərzadə
- Baxış: 822