Gəncəli parataekvondoçu iştirak etdiyi növbəti yarışda uğur qazanıb. Paris-2024 Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək İmaməddin Xəlilov bu dəfə beynəlxalq turnirdə fərqlənməyi bacarıb.
Paralimpiyaçı Koreyanın Çxunçxon şəhərində keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayıb. 70 kq çəkidə tatami üzərinə çıxan İmaməddin 2 ay öncə Avropa çempionatında əldə etdiyi nailiyyəti təkrarlayıb. Ümumilikdə 4 görüşə çıxmalı olan idmançı 1 Qazaxıstan və 2 Özbəkistan təmsilçisini məğlub edərək finala yüksəlsə də, həlledici görüşdə meksikalı rəqibi zədələndiyi üçün mübarizəsiz yarışın qalibi adını qazanıb. Paralimpiadaya lisenziya qazandıqdan sonra 2-ci çempionluq yaşayan Xəlilov bundan başqa həm ölkədaxili, həm xaricdə 4 illiyin ən mötəbər yarışlarına hazırlıq üçün təlim-məşq toplanışlarına da qatılıb.
İmaməddin Xəlilov- beynəlxalq yarışın qalibi: “Özümü Paris Paralimpiya Oyunlarına tam olaraq hazır hiss eləyirəm. Belə ki, son iki yarışda çempion olmuşam. Həm Avropa çempionu oldum, həm də Koreyada keçirilən açıq çempionatda çempion oldum. Paralimpiya oyunlarına kimi bizim məşqlərimiz davam edir. Hazırda ölkə xaricində toplanışdayıq. Burada biz Meksika, Səudiyyə Ərəbistanı və Koreya komandaları ilə birlikdə məşqlər edirik. Əhval-ruhiyyə əla vəziyyətdədir. Buradan qayıtdıqdan sonra ölkədaxili toplanışımız da olacaq. Daha sonra paralimpiadaya tam olaraq hazır olacam. Çalışacam ki, həm ölkəyə, həm Gəncəyə qızıl medalla qayıdım”.
Gəncənin yetirməsi olan paratekvondoçu haqda fikirlərini bölüşən onun həmyerlisi paralimpiya çempionu Ramil Qasımov reytinqdə 1-ci olan İmaməddin Xəlilovun Tokio Paralimpiya Oyunlarında verdiyi sözü yerinə yetirdiyini deyib. Paracüdoçu özündən sonra Gəncəyə yeni bir paralimpiya çempionu gəlməsini arzulayır.
Ramil Qasımov- paralimpiya çempionu: “İmaməddin demək olar ki, mən getdiyim yolun bir hissəsini geridə qoyub. Niyə mən getdiyim yolu deyirəm, çünki mən özüm reytinqdə 1-ciydim. Bir tsikli 1-ci sırada başa vurmuşdum. Həmin prosesi də İmaməddin davam edir. Bu gün o, Avropa və dünya çempionudur və müxtəlif reytinq yarışlarının qalibidir. Sonuncu Koreyadakı yarışda da qalib olması onu sübut edir ki, İmaməddin paralimpiya oyunlarının qalibi olmağa 100 faiz şansı olan bir idmançımızdır. Mən arzu eləyirəm ki, məndən sonra da paralimpiya çempionu Gəncəmizə gəlsin”.
Ötən ayın sonunda Qubada olimpiadaya hazırlaşan İmaməddin Xəlilov hazırda Koreyada beynəlxalq təlim-məşq toplanışındadır. Paralimpiyaçı təxminən 10 gün sonra vətənə dönəcək və Paris-2024 öncəsi son məşqlərini yenidən Qubada keçəcək.
Orxan Cəfərzadə
- Baxış: 906