• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 04.07.2024 19:04

Azərbaycan Prezidenti “ŞƏT plyus” formatında görüşdə iştirak edib

KepezTV Player

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bunu Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyev bildirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.

2023-cü ilin sentyabrında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini də diqqətə çatdıran dövlətimizin başçısı bununla da beynəlxalq hüquq və tarixi ədalətin bərpa olunduğunu vurğulayıb. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Prezident İlham Əliyev həmçinin Azərbaycanın multilateralizmi fəal şəkildə dəstəkləməsindən,ölkəmizin ev sahibliyi edəcəyi COP29-la bağlı prioritetlərindən də söz açıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”.

“ŞƏT plyus” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edib. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Azərbaycan hazırda Təşkilatda dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə Təşkilat arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. 

Vüsalə Cənnətova